Saxta diplomlar yenidən gündəmdə


Baxıldı : 335

Tarix : 2015-01-10 03:00:00


Bir neçə gün öncə Türkiyə mətbuatına açıqlama verən məşhur türkiyəli kino aktrisası Müjde Arın fikirləri hələ də müzakirə olunur. Müsahibədə aktrisa siyasətlə məşğul olmağa hazırlaşdığını, qarşıdakı seçkilərdə prezidentliyə namizəd olacağını və universitet diplomu olmadığı üçün Azərbaycandan saxta diplom alacağını bildirib. İlk baxışdan həmin şəxsin Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumat verdiyi görünsə də, amma bu fikirlər boş yerdən yaranmayıb. Azərbaycanda saxta diplom məsələsi hətta təhsil naziri səviyyəsində də vurğulanıb. Amma bu məsələni ilk gündəmə gətirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə olmuşdu. 2012-ci ildə Komissiyanın sədri Məleykə Abbaszadə 1992-2011-ci illər ərzində 22 min 332 nəfərin TQDK-nın \ qara baza\ sına düşdüyünü açıqladı. Komissiya sədri bildirirdi ki, hazırda həmin şəxslər saxta diplomlarla fəaliyyət göstərir. Təhsil naziri Mikayıl Cabbarov da mətbuata açıqlamasında 2000 saxta diplomlu şəxsin ümumi təhsil sistemində çalışdığını bildirmişdi. Maraqlıdır, hazırda da respublikamızda saxta diplom alınması mümkündürmü?Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Etibar Əliyevin qənaətinə görə, saxta diplom alanlara qarşı mübarizə aparılmalıdır: \ Saxta diplomların necə yaranması məsələsi müxtəlif şəkillərdə izah edilir. Bəzi fikirlərə görə, 1992-ci ildən tətbiq olunan test üsulu ilə imtahan verməyərək ali məktəblərə qəbul olunanların diplomları saxta sayılmalıdır. Eyni zamanda saxta diplomlar bir tədris ilini Rusiyanın ali məktəblərinin filiallarında və ya Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali məktəblərdə təhsil alan, daha sonra isə ölkənin digər ali məktəblərinin ikinci kursuna keçirilənlər sayılır. Ali məktəblərə bir gün belə getməyən, adları jurnalda, dekanlıqda olmayan şəxslərin aldıqları diplomlar da etibarsız sayılmalıdır. Bu zaman ali məktəblərin diplomları oxşadılaraq ali məktəb və kolleclərin rəhbərlərinin imzaları oxşadılaraq diplom verilir. Bu da saxta diplomlar sırasına aid edilməlidir. Bu ali məktəblərin rəhbərləri zaman-zaman onlara verilən ali məktəblərin diplomlarının seriyalarını, onların üz vərəqələrini skan edərək diplom nümunələri çap edirdilər. Daha sonra bunlar xeyli sayda vətəndaşlara paylanılırdı. Bu proses uzun müddət davam etsə də, ötən ildən bunun qarşısının alınması istiqamətində tədbirlərə başlanıldı. Həmin vətəndaşların ali məktəblərdə təhsil aldıqları zaman olmasa da, işlədikləri dövrdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlar vasitəsilə tələbə adı almadığı məlum oldu. Bu halda bütün məsuliyyət qalırdı qanunsuz əmrləri imzalayan ali məktəb rəhbərlərinin üzərində. Bundan sonra isə xarici ölkələrdən Azərbaycanın ali məktəblərinə köçürmələrlə bağlı qaydalar sərtləşdirildi. Əgər əvvəllər köçürmələr yalnız Təhsil Nazirliyinin icazəsi ilə edilirdisə, bu gün həmin icazə Prezident Administrasiyası yanında Təhsil Komissiyası tərəfindən verilir. Bununla da başqa yollarla xarici universitetlərə qəbul olunub, sonradan Azərbaycana gəlmək istəyənlərin yolu bağlanıb. Digər tərəfdən isə, daha çox saxta tələbə qəbulu aparmaqda adı hallanan Azərbaycan Beynəlxalq Universiteti və İctimai Siyasi Universitet bağlandı. Bu isə digər universitetlər üçün bir dərs oldu. Hazırda inanmıram ki, hansısa ali məktəb rəhbərliyi qanunsuz yolla tələbə qəbulu aparsın. Bütün bunlar isə göstərir ki, hazırda saxta diplom almaq yollarından bir neçəsi bağlanıb. Amma bütövlükdə bu halların qarşısının alınması üçün ciddi araşdırmalar aparılmalı və günahkarlar cəzalandırılmalıdır\ .Xalid AZƏR