Saziş hüquqların qorunması yönündə atılmış mühüm addımdır


Baxıldı : 59

Tarix : 2017-10-20 17:46:14


Oktyabrın 18-də İndustriALL Qlobal İttifaqı və ona bağlı olan "CFE-CGC,CFDT, CGT kimi Fransa həmkarlar ittifaqı təşkilatları mülki və hərbi hava nəqliyyatı vasitələrinin  ehtiyat hissələrini istehsal edən "Safran" şirkəti ilə Qlobal Çərçivə Sazişi imzalayıb.

Sazişdə qurumun iş siyasətini beynəlxalq əmək konvensiyalarına uyğun qurması, bacarıq və təcrübəyə, həyat keyfiyyətinə bərabər imkanların yaradılmasına diqqət yetirməsi tələb olunur. Burada həmçinin sağlam iş şəraitinin yaradılması, insan resursları siyasətinin genişləndirilməsi, birliklərin fəaliyyəti və onlarla rəhbərlik arasında dialoqların təşkilinə dair maddələr yer alıb.

İndustriALL-ın baş katibi Valter Sançez razılıqla bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, hava nəqliyyatı sənayesində inkişaf edən bir şirkətlə Qlobal Çərçivə Sazişinin imzalanması işçi hüquqlarının qorunması yönündə atılmış mühüm addımdır. "Safran" şirkəti ilə əldə ounmuş razılıq onların istehsal zəncirində əməkdaşlıq etdiyi qurumlarla dialoqa və gələcək razılaşmalara imkan yaradacaq.  Müqavilədə qeyd olunan öhdəliklərin tətbiqini qiymətləndirmək üçün beynəlxalq monitorinq komitəsi yaradılacaq. Həmkarlar ittifaqı və "Safran"  şirkətinin nümayəndələrindən təşkil olunacaq komitə ildə 2 dəfə quruma məxsus ofis və istehsal müəssisələrində yoxlamalar aparacaq".

"Safran"ın insan resursları üzrə direktorunun müavini Jean-Luc Berard müqavilə ilə bağlı deyib ki, bu, İndustriALL və ona bağlı olan Fransa həmkarlar ittifaqı təşkilatları ilə aparılan uzunmüddətli danışıqların nəticəsidir: "Qlobal Çərçivə Sazişi bütün çalışanlarla bərabər imkanlar yaradacaq. İşçilərin sağlamlığı və təhlükəsizliyi, ətraf mühitin qorunması və sair məsələləri əhatə edən saziş möhkəm təməllərə əsaslanır".

Qeyd edək ki, müqavilənin müddəti beş il sonra bitir. Artıq tərəflər arasında sazişin daimi qüvvədə qalması üçün danışıqlar aparılır.

 

Cavid SƏFƏROV