Şaran Barrou: Albaniyanın əmək bazarında təcili islahatlara ehtiyac var


Baxıldı : 97

Tarix : 2019-11-15 18:44:58


Noyabrın      9-da Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının VI qurultayı keçirilmişdir. Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaran Barrou və dünyanın 40-a yaxın həmkarlar ittifaqları mərkəzinin nümayəndələri də iştirak etmişlər.

Ölkənin paytaxtı Tirana şəhərində baş tutan tədbirdə Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Kol Nikolay qurultaylararası müddətdə görülən işlərdən, əldə olunan nəticələrdən danışmışdır. Demişdir ki, biz dövlət və özəl sektorda 450-dən çox kollektiv müqavilə bağlamağa nail olmuşuq. Kollektiv müqavilə ilə əhatə olunan sahələrin miqyası olduqca genişdir. Bura enerji, metallurgiya, mədən, turizm, maliyyə xidməti, sığorta bazarı, peşə təhsili, təlim sistemi, kənd təsərrüfatı sektoru və sair daxildir.

K.Nikolay qeyd etmişdir ki, bu nailiyyətlərə baxmayaraq, hələ də bir çox sahədə işçilərin hüquq və azadlıqlarının pozulması hallarına rast gəlinir. Məsələn, əksər iş yerlərində qadınlara və uşaqlara kölə münasibəti bəslənilir. Onlarla əmək müqaviləsi bağlanmır. Təhlükəsizlik qaydalarına əməl edilmir, əməkləri mühafizə olunmur. Tibbi yardım göstərilmir, əməkhaqqının ödənilməsində ayrı-seçkiliyə yol verilir. Pulsuz nahar verilmir. Onları işə aparıb-gətirməyə nəqliyyat vasitəsi ayrılmır. Bu qisim neqativ hallar çoxdur. Növbəti illər üçün müəyyənləşdirəcəyimiz hədəflərdə bu və bu qisim digər neqativ halların aradan qaldırılması və ya azaldılması əsas yer tutacaqdır.

Sədr Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına (BHİK) və Avropa Həmkarlar İttifaqları Konfederasiyasına Albaniyanın Avropa İttifaqına üzvlüyü ilə bağlı təşəbbüsünə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir.

BHİK-in Baş katibi Şaran Barrou da çıxışında Albaniyada sosial problemlərin kifayət qədər olduğunu söyləmişdir. Demişdir ki, hökumətin yeritdiyi iqtisadi, sosial siyasət nəticəsində işçilərin və onların ailə üzvlərinin vəziyyətinin get-gedə pisləşməsi bizi narahat edir.

Təəssüf ki, Albaniya Avropanın ən kasıb ölkələrindən biri olaraq qalmaqdadır. Minimum əməkhaqqı 204 avrodur. Həmkarlar ittifaqı haqlı olaraq hökumət qarşısında bu rəqəmin təxminən 300 avroya çatdırılması təklifini irəli sürür. İşsizlik, xüsusilə gənclər arasında, yüksək həddə çatıb. Onların kütləvi mühacirəti davam edir.

Hökumətin tutduğu mövqe dövlətin inkişafını, demokratik xarakterini risk altına atır. İşsizliyi azaltmaq, yaşayış dəyərlərinə əsaslanan minimum əməkhaqqının tələbata uyğunlaşdırılması üçün əmək bazarı siyasətində təcili islahatlar aparılmalıdır. Əmək Nazirliyinin İqtisadiyyat və Maliyyə Nazirliyinin şöbəsinə çevrilməsini həmkarlar ittifaqına, onun üzvlərinə hörmətsizlik və biganəlik kimi dəyərləndirmək olar. Bu o deməkdir ki, ölkədə əmək problemləri ilə bağlı dövlət siyasəti yoxdur. Belə siyasət, əslində siyasətsizlik, işçilərin sağlamlıqlarına, əməyinin təhlükəsizliyinə mənfi təsir göstərir, ölümlə nəticələnən istehsalat qəzalarının sayını sürətlə artırır.

Ş.Barrou çıxışının sonunda Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının işçilərin iqtisadi və sosial şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri yüksək dəyərləndirmiş, BHİK-in həmişə Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının yanında olacağını vəd etmişdir.

Sonra qurultay gündəliyə salınmış məsələlərin müzakirəsi ilə davam etmişdir.

Kol Nikolay yenidən Albaniya HİK-in sədri seçilmişdir.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Anar Möhbalıyev də iştirak etmişlər.