Şəbəkə əhatə dairəsini genişləndirir


Baxıldı : 120

Tarix : 2017-01-06 23:04:02


9 dekabr  2015-ci il tarixində Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin növbəti V Məclisinin iclası keçirilib.

 Məclisin gündəliyinə Respublika Komitəsinin 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətinin  icrasının müzakirəsi, 2017-ci ilin xərclər smetasının və ştat cədvəlinin təsdiqi haqqında və digər vacib məsələlər daxil edilmişdir. Respublika Komitəsinin sədri Akif Məmmədov çıxış edərək həyata keçirilən tədbirlər və layihələr haqqında Məclis iştirakçılarını məlumatlandırdı. Sonra Məclisin gündəliyində duran "Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsində həmkarlar ittifaqının rolu" mövzusunda məruzə dinlənildi.

Məruzə ilə çıxış edən Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Xəyalə Məmmədova dedi ki, biz işə Azərbaycan multikulturalizm modelinin tətqiqindən və elmi təhlilini aparmaqdan başladıq. Sonrakı mərhələlərdə müxtəlif ölkələrə məxsus mədəniyyətləri, beynəlxalq miqyasda tanınmış mütəxəssislərin təcrübəsini araşdırdıq. Əlbəttə, bütün bunlar bizə imkan verdi ki, Azərbaycanda formalaşmış multikultural siyasəti digər ölkələrdə də nümunə kimi təbliğ edək. Bu işdə xarici mütəxəssislərin gücündən də bəhrələndik. Yeri gəlmişkən deyim ki, bu mütəxəssislərin bir çoxu xarici ölkələrdə, beynəlxalq təşkilatlarda həm də şəbəkəmizin təmsilçiləridir. Xarici ölkələrdə şəbəkənin təmsilçilərinin sayının artırılması istiqamətində işlər davam etdirilməkdədir.

Xəyalə xanım dedi, hamımızın bildiyi kimi, Respublika Prezidentinin sərəncamı ilə 2016-cı il "Multikulturalizm ili" elan olunub. Bu münasibətlə şəbəkəmiz bir sıra samballı tədbirlərin layihəsini işləyib reallaşdırıb. Belə tədbirlər sırasında "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri" mövzusunda analitik yazı müsabiqəsi xüsusilə fərqlənir. Müsabiqənin təşkilində məqsəd ölkəmizdə dini dözümlülüyün, dini, təriqət müxtəlifliyinə tolerant münasibətin, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, təbliğinə dair dövlətimizin həyata keçirdiyi siyasətə dəstək göstərmək idi. Məlumat üçün deyim ki, müsabiqə sahə həmkarlar ittifaqı üzvlərinin böyük marağına səbəb oldu. 78 nəfər analitik yazılarla müsabiqəyə qatıldı. Yazılarda olduqca maraqlı yanaşmalar var idi. Münsiflər heyəti 8 ən yaxşı yazını seçib mükafatlandırdı. Digər müsabiqəmiz isə "Multikulturalizm hər yerdə: Foto və Poster müsabiqəsi-2016"adlanırdı. Təşkilat komitəsinə göndərilmiş 34  foto və posterdən 7-si fərqləndirildi.

Məruzədə şəbəkənin 71 ölkədə fəaliyyət göstərən təmsilçiləri Azərbaycan modelinin təbliği ilə əlaqədar gördüyü işlər, xarici mətbuatlarda bu mövzuda dərc etdirdikləri materiallar barədə də geniş məlumat verdi.

Sonda gündəlikdə duran bütün məsələlərə dair qərarlar qəbul olundu.

Bəyalı RZAYEV