Seçim narahatlıq doğurur


Baxıldı : 123

Tarix : 2017-05-13 02:55:08


Ölkəmizdə son illərin ən çox müzakirə edilən mövzularından biri təkuşaqlı ailələrin sayının  gündən- günə  artmasıdır. Böyük əksəriyyət hesab edir ki, ailələrdə uşaqların sayının azalma tendensiyasına sosial çətinliklər, işsizlik problemi, mənzil şəraitinin olmaması kimi problemlər təsir göstərir. Lakin psixoloqlar bildiriblər ki, sosial-iqtisadi vəziyyətlə bərabər, çox uşağın dünyaya gətirilməsində marağın olmaması və Avropaya meyil də burada başlıca rol oynayır.  Onların fikrincə, ailədə tək uşaq valideynləri tərəfindən həddindən artıq qayğı və nəvaziş görür. Sərbəst şəkildə cəmiyyətə atıldıqda bu diqqəti hiss etmir və müəyyən problemlərlə üzləşirlər. Onlar özlərini təklənmiş, bir növ ümidsizliyə düçar olmuş kimi hiss edirlər. Təkuşaqlı ailədə böyüyən övlad eqoist olmaqla yanaşı, qısqanclıq kimi xüsusiyyətə də yiyələnir və hisslərini paylaşmağı sevmir. Çoxuşaqlı ailələrdə böyüyən uşaqlar isə komplekssiz olur, daha tez ünsiyyətə girməyi bacarır və özlərinə qapanmırlar. Ona görə də demoqraflar, eləcə də psixoloq və sosioloqlar belə hesab edirlər ki, ən ideal variant ailədə üç uşağın olmasıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya Şöbəsinin müdiri Elgün Səfərov mövzuya münasibət bildirərək dedi ki, əhalinin son 2 siyahıya alınmasında da göstərildiyi kimi, hazırda ailələrdə 1-2 uşağa keçid prosesi davam edir: "Bu tendensiya davam edərsə, zaman keçdikcə təkuşaqlı ailələrin sayı daha da artacaq. Ailənin tək övladlarının isə doğulacaq uşaqlarının, demək olar ki, qohumluq çevrəsi tamamilə daralır. Bunun səbəbi bəzən də valideynin övladına daha keyfiyyətli təhsil vermək, onun gələcəyini yaxşı təmin etmək istəyi olur. Əvvəllər el arasında belə bir deyim də var idi: "Uşağı verən Allah onun ruzisini də yetirər". Amma zaman keçdikcə hər şey dəyişir, müasirliyə doğru addımlayırıq. Artıq hətta 3 uşaqlı ailələr nadir tapıntıya çevrilib desək, yəqin ki, yanılmarıq".

Komitə rəsmisi qeyd etdi ki, sosial müavinətlərin verilməsi, maarifləndirici tədbirlərin keçirilməsi, məişət zorakılığı ilə mübarizə, erkən nikahların aradan qaldırılması ilə bağlı nəinki biz, bütün dövlət qurumları, eyni zamanda qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlarla birgə tədbirlər keçiririk və  çalışırıq ki, bu problemlerin qarşısı alınsın. Bu sahədə bu gün ölkədə xarici təcrübədən yararlanmaqla yeni mexanizmlər tətbiq olunmalıdır.

Məsələn, ailə psixoloqu institutunun yaradılması, ailə üzvlərinə fərdi şəkildə  pulsuz psixoloq yardımının təşkil olunması, təhsil ocaqlarında psixologiya dərslərinin tədris olunması  və bu sahə ilə bağlı  digər işlər aparılmalıdır. E.Səfərov boşanmaların sayına (bu ilin ilk üç ayında 26-27%) da münasibət bildirərək əlavə etdi ki, bu da qorxuducu amillərdən biridir: “Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Uşaqları bu hadisələrdən uzaqda tutmaq, onların məişət zorakılığının şahidi belə olmasının qarşısını almaq lazımdır. Çünki bu onların gələcək həyatına, saglam vətəndaş kimi yetişməsinə mənfi təsir göstərir".

Əsli ƏHMƏDOVA