Seçim qəlbin  hökmü ilə olanda


Baxıldı : 351

Tarix : 2020-07-27 04:39:14


 

Hər bir peşənin öz gözəlliyi, insan həyatına mənəvi və maddi rahatlıq gətirən cəhətləri və cəmiyyətə faydası var. Bu gözəlliyi, rahatlığı və faydanı yalnız peşəni qəlbinin hökmü və sonsuz məhəbbətlə seçən insanlar duya bilər. Ölkəmizdə məhz belə peşə sahiblərinin sayca çox olmasıdır ki, cəmiyyətmiz ildən-ilə inkişaf edir, dünya siyasətində, iqtisadiyyatında, mədəniyyət, təhsil sferasında öz layiqli yerini tutur.

Bəlkə də hissə qapılıb oxuculara təqdim edəcəyim mətləbə bir qədər uzaqdan başladım. Amma bu düşüncələrimin, birbaşa olmasa da, dolayısı yolla söhbətimizin mövzusuna aidiyyəti var. Haqqında danışacağım Günay Nəzərova ibtidai sinif müəlliməsidir. Özü də rayonumuzun bir o qədər də böyük olmayan Qarasu kəndində... Etiraf edək ki, əksər insanlar ali təhsil aldıqdan sonra perspektivlərini təmin etmək arzusu ilə daha çox paytaxtda qalıb işləməyə səy göstərir.
Mənim yazımın qəhrəmanı öz fəaliyyəti ilə bu düşüncə tərzini, necə deyərlər, alt-üst etdi. Sübut etdi ki, əsas məsələ meydan genişliyi deyil, peşə bacarığı və istedaddır. İstedadın varsa, ən ucqar yaşayış məkanında da nəyə qadir olduğunu göstərə bilərsən. Günay müəllimə gəncdir. Özünəməxsus dərs demək tərzi var. Hələ əlifbanın nə olduğunu bilməyən şagirdləri təhsilin gələcək mürəkkəb mərhələlərinə həvəsləndirmək bacarığına mükəmməl yiyələnib. Bu işdə ona ali məktəbdə aldığı təhsilin, yaşlı müəllimlərin, eləcə də mütaliənin çox böyük köməyi olub. Bu, danılmazdır. Amma ona uğur gətirən əsas səbəb seçdiyi peşəyə məhəbbət, seçdiyi peşənin qeyri-adiliyinə inamdır. Dərsə başlayarkən uşaqların yaşını, onların yaşlarına uyğun maraqlarını nəzərə almağa çalışır ki, şagirdlər sıxılmasınlar, müəllim qarşısında əyləşdiklərini unutsunlar. Hər biri hansısa hərfi daha yaxşı yazdığını, hansısa əşyanı daha yaxşı tanıdığını nümayiş etdirməyə həvəslənsin.
Günay müəlliməni bəzən Cəfər Cabbarlının “Almaz” pyesindəki Almazla müqayisə edirəm. Təhsildə də, məktəbin ictimai həyatında da fəaldır, yenilikçidir. O, həmkarlar ittifaqının tədbirlərində aktuallığı ilə fərqlənir. Tədbirlərimizin hazırlanmasında bizə böyük köməkliklər göstərir. Bu keyfiyyətlərinə görədir ki, həm rayonun təhsil, həm də həmkarlar ittifaqı sistemində nüfuz, hörmət sahibidir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin (AHİK) təsis etdiyi “İlin peşəkar gənci” müsabiqəsinə namizəd seçərkən rayon təhsil şöbəsinin və həmkarlar ittifaqının rəyi üst-üstə düşdü. Hər iki təşkilat məmnuniyyətlə G.Nəzərovanın namizədliyi üzərində dayandı. Seçimimiz özünü doğrultdu. Günay müəllimə AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə “İlin peşəkar gənci” fəxri adına layiq görüldü. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə təltif olundu.
Günay müəlliməni bu münasibətlə təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Kifayət ƏMİRBƏYOVA,
Təhsil İşçiləri Azad Həmkarlar 
İttifaqı Hacıqabul Rayon 
Komitəsinin sədri