Seçkilərin demokratik və ədalətli keçiriləcəyi proqnozlaşdırılır


Baxıldı : 55

Tarix : 2018-04-07 00:03:46


Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır.

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı son statistika açıqlanıb. MSK-nın Media və İctimai Əlaqələr Şöbəsindən sechki-2018.az saytının xəbərinə görə,  prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub.

Mərkəzi Seçki Komissiyasına qarşıdan gələn prezident seçkilərində “exit-poll” keçirmək üçün müraciət etmiş və qeydə alınmış təşkilatlar tərəfindən sorğu da təşkil olunub. Sorğunun nəticələri onu söyləməyə imkan verir ki, əhali arasında prezident seçkiləri ilə bağlı aparılan kampaniyaya maraq kifayət qədər böyükdür. 

-Fransanın “OpinonWay” Sosioloji Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birlikdə prezident seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi, habelə əhalinin seçkilərdə iştirakına maraq səviyyəsinin öyrənilməsi məqsədilə cari ilin mart ayında sosioloji sorğu keçirib.

“OpinonWay” təşkilatının nümayəndəsi Bruno Janbart bildirib ki, sorğuya Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla respublikanın digər şəhər və rayonlarında yaşayan və yaşı 18-dən yuxarı olan 1200 respondent cəlb olunub.

Sorğuda iştirak edən respondentlərin 48,1 faizini kişilər, 51,9 faizini qadınlar təşkil edib. Respondentlərin 15,6 faizi 18-24, 24,5 faizi 25-34, 33 faizi 35-49, 18,5 faizi 50-64 yaş, 8,4 faizi isə 65 yaş və daha yaşlı qruplara aid olub.

“Prezident İlham Əliyevin ölkə başçısı kimi vəzifəsinin icrası sizi nə dərəcədə qane edir” sualına rəyi soruşulan respondentlərin 81,4 faizi bu məsələnin onları qane etdiyini, 11,2 faizi isə qane etmədiyini göstərib. Respondentlərin 7,4 faizi bu sual ilə bağlı hər hansı münasibət bildirməkdə çətinlik çəkdiyini bildirib.

“Aprelin 11-də keçiriləcək prezident seçkiləri bu gün keçirilsəydi hansı namizədə səs verərdiniz?” sualına cavabda sorğuda iştirak edən respondentlərin 83,4 faizi İlham Əliyevi seçib. Rəyi soruşulanların 12 faizi seçki kampaniyasında iştirak edən digər 7 nəfərə səs vermək niyyətini bildirib. Respondentlərin 1,9 faizi namizədlərdən heç birinə səs vermək istəmədiyini, 2,7 faizi isə bununla bağlı hazırda hər hansı bir fikri olmadığını göstərib.

-ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar “exit-poll” öncəsi apardıqları sosioloji araşdırmanın nəticələrini elan ediblər.

Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1500 nəfər respondent cəlb edilib. Bunlardan 63,5 faizi (952 nəfər) böyük şəhərlərdən, 17,6 faizi (264 nəfər) kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,9 faizi qadın, 50,1 faizi kişi olub.

Anket sorğusunun birinci blokuna aid olan suallar seçicilərin iqtidar, yaxud müxalifət meyilli olma imkanlarını açmağa kömək edir. Belə ki, “Əgər prezident seçkiləri bu gün keçirilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?” və “Əgər parlament seçkiləri bu gün keçirilsəydi hansı partiyanın namizədinə səs verərdiniz?” suallarına alınan cavablar belə olub: İlham Əliyev - 82,9 faiz (1244 nəfər) və Yeni Azərbaycan Partiyasının namizədi - 70,9 faiz (1064 nəfər). “Hazırkı hökumətin işini necə qiymətləndirirsiniz?” sualına alınmış cavablar isə belə olub: əla - 28,9 faiz (433 nəfər), yaxşı -27,1 faiz (406 nəfər), orta -19,9 faiz (299 nəfər). Ümumilikdə 75,9 faiz (1138 nəfər) respondent hazırkı hökumətin fəaliyyətini qənaətbəxş hesab edib.

-”ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.

Sorğuda iştirak edən respondentlərin 49,4 faizini kişilər, 50,6 faizini isə qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 28,7 faizi 18-29 yaş, 22,3 faizi 30-39 yaş, 18,8 faizi 40-49 yaş, 16,8 faizi 50-59 yaş, 13,4 faizi isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub.

Ölkəmizdə 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1 faizi seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildirib. Rəyi soruşulanların 0,2 faizi başqa namizədlərə səs vermək niyyətindədir. Respondentlərin 9,2 faizi hələ seçim etmədiklərini qeyd edib.

-Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Sechki-2018.az saytının məlumatına görə, bu barədə AŞPA-nın İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, 33 nəfərlik nümayəndə heyətinə rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edəcək. Onlar  ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə seçkiləri izləyəcəklər.

-ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi məlum olub. Sechki-2018.az saytının xəbərinə görə, ATƏT PA-dan verilən məlumata görə, aprelin 11-də keçiriləcək prezident seçkiləri üçün monitorinq missiyasına Marqret Kiner Nellen (İsveçrə) rəhbərlik edəcək.

ATƏT PA-nın nümayəndə heyətinin tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir.

-Azərbaycanda Prezident seçkiləri günü səsverməni MDB missiyasının 221 üzvü müşahidə edəcək. Sechki-2018.az saytının xəbərinə görə, bu barədə MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda məlumat verib.

“Missiya Azərbaycanın, demək olar, bütün seçki dairələrində seçkiləri müşahidə etmək niyyətindədir. Hər şeyi əhatə etməyi planlaşdırırıq”, -deyə Y.Sloboda söyləyib.

O bildirib ki, müşahidə missiyasının rəhbəri, MDB-nin İçraçı katibi Sergey Lebedev Bakıya aprelin 10-da gələcək.