Yeni sədr seçildi


Baxıldı : 442

Tarix : 2020-06-12 06:38:24


İyunun 10-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilib.  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdəki məsələləri iştirakçıların nəzərinə çatdırıb.

Bildirib ki,  Respublika Komitəsinin sədri Seymur Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunması üçün Rəyasət Heyətinə müraciət edib. Rəyasət Heyətinin üzvləri S. Orucovun Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsindən azad olunması haqqında qərar qəbul ediblər.

Rəyasət Heyətinin qərarı ilə Respublika Komitəsinin sədri vəzifəsinin icrası Respublika Komitəsi sədrinin  müavini vəzifəsində çalışmış Rəşad Səfərova həvalə edilib.

İclasda AHİK sədri yarım ildən çoxdur ki, ümumi bəlaya çevrilmiş COVID-19 pandemiyası və ona qarşı aparılan mübarizə yolları barəsində də məlumat verib. Deyib ki, dünya ölkələri bütün səylərini qlobal problemə çevrilmiş koronavirus infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltsə də, pandemiyanın qarşısını almaq hələ də mümkün olmamışdır.

S.Möhbalıyev pandemiyanın qarşısının alınması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan kompleks tədbirləri diqqətə çatdırıb. Həmçinin həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifələr, fəaliyyət istiqaməti, qısa müddətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

Millət vəkili bildirib ki, karantin rejiminin mərhələli şəkildə yumşaldılması prosesindən sonra və ümumiyyətlə, son vaxtlar vətəndaşların əksəriyyəti karantin rejiminin tələblərinə əməl etmədiyinə görə ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət pisləşib, xəstəliyə yoluxanların sayında ciddi artım baş verib. Buna görə də karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınıb. Bir daha vətəndaşlarımızı məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıram.

Ölkə başçısı modul tipli xəstəxananın açılışında da qeyd edib ki, bütün qapalı yerlərdə tibbi maskadan istifadə edir və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir metr yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları, həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb. Əlbəttə, ölkə başçısının əsas istəyi birinci növbədə Azərbaycan vətəndaşlarının sağlamlığıdır. Biz də, həmkarlar ittifaqları olaraq, özümüzün, ailəmizin, yaxınlarımızın sağlamlığını fikirləşməliyik, onları qorumalıyıq. Bununla əlaqədar, rabitə işçiləri daxil olmaqla, bütün həmkarlar ittifaqı üzvlərindən xahiş edirəm ki, karantin rejiminin tələblərinə ciddi riayət etsinlər. Müəyyən edilmiş yerlərdə hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə olunsun. Sanitariya-gigiyena qaydalarına əməl etmək hökmən lazımdır.

İclasda S.Möhbalıyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri  Həmkarlar İttifaqının qarşısında duran vəzifələrdən də danışıb və Rəyasət Heyətinin üzvlərinə öz tövsiyələrini çatdırıb.

AZƏR