Şəhərin mərkəzində sahibsiz itlərdən necə qorunaq?


Baxıldı : 120

Tarix : 2017-06-16 22:12:49


Ötən ay qəzetlərin birində Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yerləşən köhnə zavodların, xüsusilə də yeni şüşə zavodunun ərazisinə çoxlu sayda küçə itlərinin yığıldığı haqda məlumat getmişdi. Bu vəziyyət ətrafda yaşayan insanların təşvişə düşməsinə səbəb olmuşdu. Buradakı itlərin hətta gündüz vaxtı avtomobillərə və insanlara hücumu adi hal aldığı qeyd edilirdi. Səbail rayonunda itin azyaşlı uşağa hücumu da baş vermişdi.

Belə bir hadisə ilə özüm də qarşılaşmışam. Özü də kənarda yox, şəhərin mərkəzi sayılan Akademiya şəhərciyinin bağında. Burada hər axşam gəzintiyə xeyli insan çıxır. Gecə saatlarına qədər istirahət edənlər də çox olur. Lakin qəflətən üzləşdikləri hadisə dincələnlərin dərin sarsıntı keçirməsinə səbəb olur. Sayı bilinməyən küçə itlərinin oylağına çevrilən bağda adamlar azacıq işıq düşməyən yerdə onların hücumuna məruz qalırlar. Baxmayaraq ki, bağın girəcəyində mühafizə xidməti fəaliyyət göstərir, onlar yalnız əraziyə daxil olan maşınların gəlib-getməsinə nəzarət edirlər. "Riyad" mühafizə xidməti əməkdaşına bu barədə sual verəndə bildirdi ki, dəfələrlə aidiyyəti təşkilatlara müraciət etmişik. İtləri yalnız tutub aparmağa icazə verilir. Bu da bizim imkanlarımızdan xaricdir. Sahibsiz heyvanlarla mübarizəyə gəldikdə isə, bu işi BŞİH-in Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi həyata keçirir.

İdarənin əməkdaşı ilə söhbət zamanı bildirdi ki, mübarizə forması güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilir: "Vətəndaşlar zəng vurub ünvanı söyləyirlər. Bizim əməkdaşlar da əraziyə gedib itləri əllə tutur. Sonra tutulan heyvanlar idarənin həyətinə gətirilir.

Baş idarəyə gətirilən itlərin taleyi necə olur, onlar sonradan hara aparılır, harada yerləşdirilir?

Məlum olduğu kimi, İDEA İctimai Birliyi Bakı şəhərinin Qaradağ rayonunda Sahibsiz Heyvanlar üçün Xilasedici və Sığınacaq Mərkəzi inşa etdirib. Burada sahibsiz heyvanlar üçün sığınacaq, baytarlıq klinikası və digər şərait yaradılmışdır. Lakin bütün bunlara baxmayaraq, şəhərin mərkəzində, özü də ən yaxşı istirahət məkanlarından olan belə bir yerdə itlərin meydan sulamağını hər bir vətəndaş çox böyük bir müəmma ilə qarşılayır. Belə görünür ki, bu işlə məşğul olan idarənin əməkdaşları problemi görür, amma onun həllinə hansısa səbəblərdən çalışmır. Ya bacarmır, ya da istəmir.

Əhəd İBADOV