Şəhərlərimizi, kəndlərimizi gözəlləşdirən peşə sahibləri


Baxıldı : 224

Tarix : 2019-04-05 18:43:26


İnşaat sektorunun inkişafı bütövlükdə ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biridir. Məhz buna görədir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi qayğı və həssaslıqla yanaşmış, bir sıra nəhəng obyektlərin inşasına şəxsən nəzarət etmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ulu öndərin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, həmin dövrdə Bakıda, digər şəhər və rayonlarımızda bir sıra nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir.

Azərbaycan inşaatının və memarlığının şanlı ənənələri bu gün də uğurla davam etdirilir. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkə ərazisi böyük tikinti-quruculuq meydanına çevrilib. Onun rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü islahatlar, baş verən iqtisadi sıçrayış tikinti sahəsində də özünü aydın şəkildə göstərir. Belə ki, Bakı ilə yanaşı, bölgələrimizin də siması əsaslı şəkildə dəyişib, müxtəlif təyinatlı tikinti obyektlərinin miqyası və əhatə dairəsi genişlənib, yeni-yeni yaşayış binaları, park və xiyabanlar salınıb.

Tikinti sektorunun inkişafı ilk növbədə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir, böyük sosial əhəmiyyətə malikdir. 2018-ci ildə ümumi sahəsi 2084 700 kvadratmetr və ya ötən illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

2018-ci ildə səhiyyə obyektlərinin, yeni məktəb binalarının, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidən qurulması işləri davam etdirilib, modul tipli məktəblər inşa olunub. Ötən il 183 məktəb, 31 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 idman obyekti tikilib və ya yenidən qurulub.

Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait, bu sahədə təmin olunan müsbət dəyişikliklər beynəlxalq təşkilatlar və aparıcı reytinq agentliklərinin də diqqət mərkəzindədir. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkəsini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. Hesabata əsasən, Azərbaycan həmçinin “Tikinti üçün icazələrin alınması” indikatoru üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib.

Prezident İlham Əliyevin inşaatçıların əməyinə verdiyi yüksək qiymət bu şərəfli və çətin peşə sahiblərini ölkəmizin gələcək tərəqqisi naminə yeni-yeni nailiyyətlərə ruhlandırır. Ölkəmizin daha da gözəlləşməsi, müasirləşməsi istiqamətində yorulmaq bilmədən çalışan inşaatçılarımız budəfəki peşə bayramlarını da sevinclə, yüksək nailiyyətlərlə qeyd edirlər.

 

Umud HÜSEYNOV,

“İnşaat-İş” Həmkarlar İttifaqının sədri