Şəhid qanı tökülən ərazilərə göz yaşları əvəzinə qərənfillər çiləndi


Baxıldı : 110

Tarix : 2019-01-21 05:38:58


Ölümün gözünə dik baxmağa cəsarəti çatmayan xalq azad ola bilməz. Biz bu həqiqəti 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə öz təcrübəmizdə bir daha sınadıq və dünyaya sübut etdik. Həmin gecə bütün xalq canını azadlığına qurban demişdi. Hər bir azərbaycanlı şəhidlik məqamına daha tez yetişmək istəyi ilə sovet silahlarından tökülən ölüm yağışının islatdığı meydanlarda hayqırırdı.

Ölümü də azadlıq təşnəsi qarşısında diz çökdürən xalqa imperiyanın topu-tüfəngi nə edə bilərdi! Həmin gecə azərbaycanlılar öz paytaxtlarının meydanlarına “Azadlıq” sözünü qanları ilə yazdılar. Bu, pozulması mümkün olmayan yazı idi. Çünki şəhid qanı idi. Şəhid qanı qurumur, bayraqlara hopub ətrini, təravətini əbədi saxlayır.

İmperiyanın gələcək, lap yaxın gələcək müsibətinin əsasını qoyan o gecənin səhəri və sonrakı səhəri və daha sonrakı səhərləri də şəhidlərin qanı ilə tarixləşdi. Bakıdan başlanan soyqırımın coğrafiyası genişləndi, bölgələrimiz də şəhid qanına boyandı. Bakı növbəti səhəri açmaq üçün Xəzərdən qalxan sübh günəşinə çevrildi. Bir azdan bu günəş buludları üzündən niqab kimi atacaq və xalqını nura qərq edəcəkdi.

Hələlik isə Sovet ittifaqı ölkəmizdə başı kəsilməkdə olan öküz kimi çapalayır, yıxır, dağıdır, dinc insanları qətlə yetirirdi. Bu, dövlət səviyyəsində azərbaycanlılara qarşı terror aktı idi. Dövlətlər adətən insanları ədalət məhkəməsinə çəkib cəzalandırır. Qarşısına çıxan, qapıdan-bacadan boylanan sakinləri, yaralılara köməyə gələn tibb işçilərini sorğu-sualsız güllələmək, tankın tırtılları altına alıb əzmək yalnız terrorçulara xas vəhşilikdir. Qırmızı terrorçular 147 azərbaycanlının həyatını əlindən aldılar. 638 nəfəri yaraladılar. 841 nəfəri qanunsuz həbs etdilər. Beləliklə, insan hüquqlarına dair beynəlxalq sənədlərə, necə deyərlər, tüpürdülər. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələblərini kobud şəkildə pozdular.

Dünya SSRİ-nin gücündən ehtiyat edərək susmağa üstünlük verdi. İmperiyanın hərbi qüdrəti dünya dövlətlərini susdurdu. Amma Azərbaycan xalqını susdura bilmədi. Komendant saatı tətbiq olunmasına baxmayaraq, milyonlarla insan öz şəhidlərini çiyinlərində Bakının küçələrini keçərək indiki Şəhidlər Xiyabanına apardı. Qürurla son mənzilə - Allahın hüzuruna yola saldı. Şəhid qanı tökülən ərazilərə göz yaşları əvəzinə qərənfillər çiləndi.

Ümummilli lider Heydər Əliyev 20 Yanvar gecəsində vətən oğullarının göstərdiyi fədakarlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün əbədi örnək adlandırıb. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclisin 1994-cu ilin fevral ayında keçirilən xüsusi sessiyasında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr” haqqında qərar qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin ölmədiyini, qəlbimizdə əbədi yaşadığını söyləyib. Onların adlarının uca tutulması, ailələrinin sosial problemlərinin həlli daim dövlətimizin diqqətində saxlanılıb və saxlanılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, onun üzv təşkilatlarının əməkdaşları bütün azadlıq mücahidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin fədakarlıqlarının milli, mənəvi sərvətimiz kimi qorunması, yaşadılmasına səy göstərməyi özlərinin vətəndaşlıq borcu bilirlər. 20 Yanvar şəhidlərinin ailələri də unudulmur. Ailə üzvlərinin müraciətləri cavabsız qalmır. Hər birinə maddi yardım göstərilir. Müalicəyə ehtiyacı olanlar sanatoriyalara yollayışla təmin edilir.