Şəkililər icbari tibbi sığorta barədə maarifləndirildilər


Baxıldı : 129

Tarix : 2019-08-09 17:46:58


Avqustun 7-də Şəki Şəhər İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şəki şəhərində “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Agentliyin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Əmirov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Aparat rəhbəri Həsən Cəfərov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin sədri Allahverdi Alıyev, Agentliyin əməkdaşları Elvin Abbasov və Pərvin Baxşəliyeva iştirak ediblər.

C.Alxasov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Onun sözlərinə görə, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir.

C.Alxasov sonra dedi, “Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsini nəzərə alaraq, ölkənin səhiyyə sisteminin icbari tibbi sığorta tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranmışdır. Tibb işçilərinin biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi üçün bir sıra təlimlərin keçirilməsini məqsədəuyğun hesab edirik.

Eyni zamanda təqdirəlayiq haldır ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb.

2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə  uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı  illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub.

Z.Cavadova bildirib ki, ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.

E.Əmirov son illər ölkəmizdə bir sıra tibb müəssisələrinin inşa və əsaslı təmir olunması, maddi-texniki bazalarının gücləndirilməsi, mövcud avadanlıqların bərpası və yenilərinin alınması barədə iştirakçılara məlumat verib. O bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.

C.Məmmədov çıxışında icbari tibbi sığortanın, pilot layihə olaraq, tətbiqi çərçivəsində tibb işçilərinin əməkhaqlarının artırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, icbari tibbi sığortanın ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq.

A.Alıyev, pilot layihə olaraq, üç regionda tətbiq edilən icbari tibbi sığorta sisteminin müsbət nəticələri və sistemin əhəmiyyəti haqqında danışıb.

Agentliyin əməkdaşları icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış ediblər. Qeyd olunub ki, sığortaolunanlar sığorta hadisəsi baş verdikdə xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər.

H.Cəfərov respublika ərazisində icbari tibbi sığorta sisteminin tətbiqi prosesində həmkarlar ittifaqları liderlərinin və fəallarının iştirakının vacib olduğunu söylədi. Bildirdi ki, xüsusilə maarifləndirmə işinin aparılması üçün şəhər, rayon həmkarlar ittifaqı komitələri və ilk təşkilatlar böyük imkanlara malikdir. Çünki işləyən və təhsil alan əhalinin çox hissəsi bu strukturların sıralarında təşkilatlanıb. Həsən müəllim yeri gəlmişkən həmkarlar ittifaqı qarşısında duran aktual məsələlərə də toxundu. Onların həyata keçirilməsi istiqamətində tövsiyələrini verdi.

Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici buklet paylanılıb.

Həmin gün maarifləndirici tədbir Oğuz rayonunda, avqustun 8-də isə Qəbələ rayonunda keçirilib.

Qeyd edək ki, bundan əvvəl Quba, Qusar, Balakən, Qax və Zaqatala rayonlarında da bu mövzuda maarifləndirici tədbirlər  təşkil olunmuşdu.