Sən Azərbaycan əsgərisən!


Baxıldı : 230

Tarix : 2019-06-18 06:14:40


AHİK-in mədəni hamiliyə götürdüyü Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların asudə vaxtlarının səmərəli təşkil edilməsi, gələcək zabitlərin dünyagörüşlərinin, bilik və bacarıqlarının artırılması məqsədilə tədris ili ərzində  idman yarışları və müxtəlif tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də “Azərbaycan əsgəri” bədii qiraət müsabiqəsidir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynayan, onlarda Azərbaycan dilinə məhəbbət hissi oyadan bu müsabiqənin keçirilməsi hərbi liseydə artıq bir ənənə halını alıb.

Qeyd edək ki, üç mərhələdən ibarət olan müsabiqə mayın 29-da başa çatıb. Respublikanın əməkdar artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, səhnə danışığı kafedrasının müdiri Azad Şükürovun sədrliyi ilə münsiflər heyəti gənc istedadları diqqətlə dinləyərək qalibləri müəyyən edib.

Əhməd Cavadın  “Susmaram” şeiri ilə 131-ci tağımın 1-ci kurs kursantı Cavad Daşdıyev müsabiqənin qalibi olub.

Zəlimxan Yaqubun  “Ordum varsa, yurdum var”  və  “Sən qalib gələcəksən” şeirlərini söyləyən 125 və 111-ci tağımın 1-ci kurs kursantları Samir Əmənov və Aqşin Qurbanov II yeri tutublar.

111-ci tağımın 1-ci kurs kursantı Əli Alıabadı Məhəmməd Akif Ərsoyun “İstiqlal marşı”, 112-ci tağımın 1-ci kurs kursantı İbrahim Əliyev Nəriman Həsənzadənin  “And yerimiz” və 262-ci tağımın 2-ci kurs kursantı İbrahim Nuri özünün qələmə aldığı  “Qarabağ həsrəti” şeirləri ilə III yeri bölüşüblər.

Digər seçilən 5 kursant həvəsləndirici mükafatlara, həmçinin ana dili və ədəbiyyat fənn bölmə rəisi, polkovnik-leytenant Reyhan Abbasova və liseyin Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Sahib Əsədov AHİK-in diplomlarına layiq görülüblər.

Bu sətirlərin müəllifi bütün iştirakçıları təbrik edərək onlara təhsildə, həm də yaradıcılıqda uğurlar arzulayıb.

Digər çıxışlarda da AHİK-in gənclərə olan qayğısı, bu müsabiqənin gələcək zabitlərin milli ruhda böyüməsində, onlarda Vətənə məhəbbət hisslərinin aşılanmasında böyük tərbiyəvi əhəmiyyəti, kursantların bədii zövqü və ifaçılıq tərzi yüksək qiymətləndirilib.

AHİK-in diplomları və qiymətli hədiyyələr 2018-2019-cu tədris ilinin yekunlarına həsr olunmuş təntənəli toplantıda qaliblərə təqdim ediləcəkdir.

 

Xoşqədəm BAĞIROVA,

AHİK-in mütəxəssisi