Sənaye inqilabı, onun məşğulluğa və əmək münasibətlərinə təsiri İndustriALL Qlobal İttifaqın subregional təşkilatlarının Bakı görüşündə bu məsələ ətrafında müzakirələr aparıldı


Baxıldı : 53

Tarix : 2018-10-06 05:27:22


Oktyabrın 1-dən 3-dək Bakıda İndustriALL Qlobal İttifaqının üzv təşkilatlarının subregional görüşü keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev çıxış edib. O, qonaqları salamlayıb, belə bir tədbirin məhz Azərbaycanda təşkili üçün İndustriALL Qlobal İttifaqın Baş katibinin müavini Kamal Özkana təşəkkürünü bildirib. S.Möhbalıyev respublikamızın iqtisadi durumu barədə qısa məlumat verib. İqtisadi sahədə əldə olunan uğurların sosial məsələlərin həllində oynadığı müsbət tendensiyalardan danışıb. Həmçinin əmək münasibətlərinin tənzimlənməsində, layiqli əməyin təşkilində, gender bərabərliyi istiqamətində yeridilən siyasətin reallaşmasında həmkarlar ittifaqının oynadığı mühüm rolu diqqətə çatdırıb.

(Səttar müəllimin çıxışının tam mətni qəzetimizin ikinci səhifəsində dərc olunub)

 

Sonra Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, İndustriALL Qlobal İttifaqının Azərbaycandakı əlaqələndiricisi Cahangir Əliyev, İndustriALL Qlobal İttifaqının baş katibinin müavini Kamal Özkan giriş sözü söyləyiblər.

Bu qurumun region üzrə katibi Vadim Borisov “İndustriALL Qlobal İttifaqın subregionda fəaliyyəti: ümumi təqdimat” mövzusunda çıxış edib. Tədbirin birinci günü həmçinin təşkilatın İcraiyyə Komitəsinin üzvü Rusiya Dağ Metallurgiyası Həmkarlar İttifaqının sədri Aleksey Bezımyannıxın, Rusiya Kömür Sənayesi İşçilərinin Müstəqil Həmkarlar İttifaqının sədri İvan Moxnaçukun, Ukrayna Atom Enerjisi və Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Valeriy Matovun çıxışları dinlənildi.

İndustriALL Qlobal İttifaqın Baş katibinin müavini Kamal Özkan və İttifaqın Avropa üzrə Həmkarlar İttifaqının Baş katibi Lyuk Trianql geniş məruzə ilə çıxış etdilər.

Məruzələr və çıxışlarda bildirildi ki, bu beynəlxalq təşkilatın məqsədi işçilərin haqlarını qorumaq, həmkarlar ittifaqlarının təşkilatlanma hüququnu kənar təsirlərdən müdafiə etmək, gəlirlərin bərabər bölüşməsinə nail olmaq və ədalətli dünya qurmaq uğrunda mübarizə aparmaqdır. Çox təəssüf ki, hələ dünya bu prinsiplərdən çox uzaqdır. Kapitalın böyük hissəsi bir neçə ölkənin iqtisadiyyatına aiddir. İnkişaf edən iqtisadiyyat da aqressiv xarakter daşıyır. İqtisadi inkişaf işəgötürəni işçi arasında fərqi get-gedə daha da artırır.

Bildirildi ki, iqtisadiyyat bütün region ölkələrində bərabər inkişaf etmir. Bunda böyük dövlətlər də maraqlıdır. Natiqlər buna misal kimi Amerika Birləşmiş Ştatlarının eksport məhsullarına qoyduğu tarifləri göstərdilər. Təbii ki, iqtisadi əlaqələrin pozulması hansısa ölkənin zəifləməsinə gətirib çıxarır. Nəticədə daha çox zərər çəkən işçi təbəqəsi olur. Deyildi ki, 2008-ci il iqtisadi böhranından 10 il keçməsinə baxmayaraq, hələ də fəsadları qalır. Hətta bəzi ölkələrdə böhran daha da dərinləşir. Ümumi daxili məhsulda əməkhaqqının çəkisi azalır. Səbəb də gəlirlərin ədalətlə bölünməməsidir. Bildirildi ki, xüsusilə gənclər arasında işsizliyin səviyyəsi qorxulu həddə çatıb. Həmkarlar ittifaqı təşkilatı qloballaşma prosesində məşğulluq bazarında təsir gücünə malik oyunçuya çevrilə bilmir.

Oktyabrın 2-də “Subregion ölkələrində həmkarlar ittifaqlarının hüquqları və azadlıqları: son ənənələr” mövzusu ətrafında müzakirələr getdi.

Belarusda, Gürcüstanda, Qazaxıstanda və Ukraynada mövcud vəziyyət barədə hesabatlar təqdim edildi.

Qeyd edildi ki, dünya ölkələrinin 85 faizində həmkarlar ittifaqının fəaliyyətinə hökumət və sahibkarlar tərəfindən maneələr törədilir. Onların təşkilatlanmasına, hətta qeydiyyatdan keçməsinə imkan verilmir. Qeydiyyat sənədləri müxtəlif bəhanələrlə rədd edilir. Hətta bəzi ölkələrdə həmkarlar ittifaqı rəhbərləri, sosial tələblərinə siyasi avantüra rəngi verilməklə, həbsə alınır. Bu hallar əsasən qeyri-demokratik ölkələrdə baş verir. Yəni hakimiyyət bölgüsünün formal xarakter daşıdığı, amma əslində hakimiyyətin bir strukturda birləşdiyi ölkələrdə.

Çıxışlarda qeyd olundu ki, həmkarlar ittifaqları öz hüquqlarının qorunmasını istəyirsə həmrəylik nümayiş etdirməlidir. İrqindən, yerləşdiyi ərazidən, milliyyətindən asılı olmayaraq haqsız hüquqlara məruz qalmış həmkarlar ittifaqının yanında yer tutmalıdır. “Həmrəylik ya var, ya yoxdur. Yarımçıq həmrəylik olmur”, - dedilər.

Daha sonra subregion ölkələrində orqanayzinq və həmkarlar ittifaqlarının təşkilati cəhətdən möhkəmlənməsi məsələsinə baxıldı. Azərbaycan, Qırğızıstan, Moldova və Rusiya təcrübəsi təqdim olundu.

“Bütün üzv təşkilatlar nümayəndə heyətlərinin tərkibində ən azı 40 faiz qadın təmsilçiliyinə çalışmalıdır”

Yığıncağın üçüncü günü 2016-cı ildə Rio-da IndustriALL Konqresində qəbul edilmiş qərarların həyata keçirilməsi üçün bölgədə gender siyasətinə və gələcək fəaliyyətlərinə həsr olunmuşdu. Əsas şüar kimi “bütün üzv təşkilatlar nümayəndə heyətlərinin tərkibində ən azı 40 faiz qadın təmsilçiliyinə çalışmalıdır” irəli sürülmüşdü. 

Azərbaycan Respublikası Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Qadınlar Şurasının sədr müavini Şükufə Hüseynzadə çıxış edib. O, Respublika Komitəsinin gender siyasəti barəsində danışıb. Ş.Hüseynzadə Beynəlxalq Əmək Təşkilatının gender bərabərliyi ilə bağlı 2017-ci il hesabatındakı bəzi rəqəmləri açıqlayıb. Hesabatın keçən ili əhatə etməsinə baxmayaraq, cari ildə müsbətə doğru azacıq olsa da dəyişikliyin baş vermədiyini deyib. Ş.Hüseynzadə respublikamızda gender bərabərliyi sahəsində həyata keçirilən işlərdən danışıb. Amma bununla belə bəzi problemlərin qaldığını nəzərə çatdırıb.

İndustriALL Qlobal İttifaqının Baş katibinin köməkçisi Jenni Holdkroft  əsasən bu qurumun gender siyasəti, kampaniyalar və aksiyalar haqqında məlumat verib. O bildirib ki, qadınlar işləyən bütün sektorlarda müxtəlif problemlərlə qarşılaşırıq. Bütün sahələrdə qadınların təmsilçiliyinin olmasını dəstəkləməliyik. Əsasən də bu subregionda bunun həyata keçirilməsinə çalışmalıyıq. Qlobal İttifaqın Qadın Komitəsi xüsusi plan üzərində işləyir. Bu da bütün nümayəndə heyətlərinin tərkibində qadınların 40 faiz təmsilçiliyinə nail olunmasıdır. Demək istərdim ki, artıq bəzi regionlarda ( Şimali Amerika, Latın Amerikası və s.), bir sıra ölkələrdə bu məqsədə çatılıb. Çalışmalıyıq ki, daha çox qadın kollektiv müqavilələrin, bir sıra sənədlərin hazırlanmasında, qəbulunda iştirak etsin. Qadınlar rəhbər orqanlarda daha çox sayda təmsil olunsunlar. Qadın işçilərin vəziyyəti ilə bağlı hər iki cins tərəfindən müxtəlif  baxışların vurğulandığı stimullaşdırıcı müzakirələrdə iştirakdan çox məmnun oldum. Bu kimi müzakirələr vasitəsilə həmkarlar ittifaqlarında daha çox dəyişikliyə nail ola bilərik.

Daha sonra digər ölkələrin nümayəndələrinin məruzəsi dinlənildi.

Tədbirdə iştirak edən həmkarlar ittifaqlarının nümayəndələri qadınların həmkarlar ittifaqlarında  və iş yerində qarşılaşdıqları problemləri daha yaxşı anlamaq üçün kişi və qadınların bir araya gəlib müzakirə aparmasını yüksək qiymətləndirdilər. Daha yaxşı nəticəyə nail olmaq üçün məsələnin qadın və kişilərin iştirakı ilə rəhbərlik səviyyəsində də həll olunmasına razılaşdılar.

Qərara alındı ki, regiona daxil olan hər bir ölkədə həmkarlar ittifaqlarının tərkibində gender bərabərliyi məsələsini araşdıran və bu barədə mərkəzi ofisi məlumatlandıran kontakt şəxslər müəyyən olunsun. Bu barədə məlumatlar sosial şəbəkələrdə (Qlobal İttifaqın səhifəsində) işıqlandırılsın. Və sonrakı qərarlar bu rəylərə əsasən hazırlanacaq. 

Sonda Kamal Özkan və Vadim Borisov müzakirələrə yekun vurdular. İttifaqın gələcək üçün strateji planlarını açıqladılar.

Qonaqlar asudə vaxtlarında paytaxtımızın görməli yerləri ilə tanış oldular.

Məlumat üçün deyək ki, tədbirdə 40 ölkədən 80 nümayəndə iştirak edirdi.

A.MUSTAFAYEV.

B.RZAYEV.