Sənədsiz ev problemi tezliklə həllini tapacaq


Baxıldı : 67

Tarix : 2018-05-12 03:51:10


Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlamışdı.

Ölkə başçısı 2015-ci ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Fərmanın verilməsindən 3 il keçməsinə baxmayaraq, hələ də vətəndaşlar evlərin və torpaq sahələrinin özəlləşdirilməsində problemlərlə qarşılaşırlar.

Məsələ ilə bağlı Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev bildirdi ki, sənədsiz evlər probleminin həlli istiqamətində işlər aparılır: “Cənab İlham Əliyev dəfələrlə çıxışlarında bu məsələyə toxunub. Milli Məclisdə də bu istiqamətdə söhbətlər aparılıb. Bununla bağlı Tikinti və Şəhərsalma Məcəlləsinə müəyyən dəyişikliklər edilib. Bildirilib ki, sənədsiz evlər mütləq sənədləşdirilməlidir.  Çünki bu evlərin sənədləşdirilməməsi dövlətin özünə də ziyandır. Bu gün Bakıda 100 minlərlə sənədsiz ev var.  Həmin evlər sənədləşdirilən zaman dövlət büdcəsinə xeyli miqdarda vəsait daxil olacaq. Digər tərəfdən də bələdiyyələrin həmin sənədləşdirilən evlərdən əmlak vergisi yığmağa imkanı olacaq. Bununla da bələdiyyələrin də hesabına xeyli miqdarda vəsait daxil olacaq. Sənədsiz evlərin sənədləşdirilməməsi dövlət strukturlarına, bələdiyyələrə və ən başlıcası isə insanlara ziyandır”.

Deputat bildirib ki, sənədsiz evlərdə yaşayan insanların qeydiyyat ünvanı, oradan hərbi xidmətə çağırışa gedən şəxslərin yeri bilinmir. Vətəndaş yaşayış yerindən arayış ala bilmir.  Bu kimi çətinliklər var. Bu da qəbulolunmaz haldır. Vətəndaşın yaşadığı yerdə qeydiyyatı olmalıdır. Prezident də sənədsiz evlərin həlli istiqamətində tələb qoyub. Əmlak Məsələləri Dövlət Komitəsi də bu istiqamətdə işlər görür. Və onların mülkiyyətinə dair sənədlər verilir. Sənədsiz evlərin həlli istiqamətində işlər aparılır: “Bu, illərlə davam edəsi məsələdir. Çox təəssüflər olsun ki, yenidən tikilən evlərin bir çoxu qanunsuz tikilir. Bu evlər müəyyən yollarla tikilir. Belə hallar da problem yaradır. Hökumət tərəfindən də tapşırıqlar olub ki, sənədsiz tikilən evlərə icazə verilməsin. Belə halların qarşısı alınsın ki, gələcəkdə problemlər yaranmasın”.

Aliyə SƏMƏDOVA