“Sənətlə döyünən qardaş ürəklər"


Baxıldı : 160

Tarix : 2017-09-23 01:24:21


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, maestro Niyazinin anadan olmasının 105, görkəmli türk bəstəkarı, musiqişünası, pedaqoqu, türk musiqi tarixində ilk operanın müəllifi Əhməd Adnan Sayqunun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

"Sənətlə döyünən qardaş ürəklər" adlanan tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. O, Azərbaycan-Türkiyə mədəni əlaqələri, Azərbaycan bəstəkarları ilə Türkiyə musiqiçilərinin dostluq və əməkdaşlığından danışmışdır.

Muzeyin şöbə müdiri Xanım Abdinova maestro Niyazinin və Adnan Sayqunun həyat və yaradıcılıq yolu barədə ətraflı məlumat vermişdir.

Görkəmli tarzən, xalq artisti Ramiz Quliyev Niyazi və Adnan Sayqun ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

Tədbirdə Bakı Musiqi Akademiyasının professor və müəllimlərinin ifalarında Niyazinin, Adnan Sayqunun, Qara Qarayevin, Soltan Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı səslənmişdir.

Sonda Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral çıxış edərək muzey əməkdaşlarına təşəkkürünü bildirmiş, Türkiyə-Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrindən söz açmışdır.

Muzeyin foyesində Adnan Sayqunun həyat və yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunmuşdur.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri, Azərbaycan bəstəkarları, musiqi xadimləri iştirak etmişlər.

 

Bəyalı RZAYEV