Sentyabrı...


Baxıldı : 223

Tarix : 2016-08-12 02:35:00


Sentyabrın 14-nə xarici ölkəyə biletim var. İstirahət üçün gedirəm. Mən referendumda necə iştirak edə bilərəm? Bu zaman harada səs verə bilərəm?Rövşən MƏMMƏDOV,Bakı şəhəri.- Seçki Məcəlləsinin 35.6. maddəsinə əsasən referendum və Prezident seçkilərinin keçirilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən seçki məntəqələri yaradılır. Səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır. Siz istirahətdə olduğunuz ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsul idarələrinə müraciət etməklə referendumda iştirak edə bilərsiniz.Seçki Məcəlləsinin 16.4.maddəsinə əsasən, səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində qanunauyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər.İstehsalat qəzası nəticəsində sağlamlığımın pozulmasına görə ödənc alıram, həm də işləyirəm. Deyirlər ki, bu ödənc muzdlu işlə əlaqədar gəlirlərə aiddir və sosial yardım hesablananda nəzərə alınacaq. Bu, qanunidirmi? Başqa hansılar muzdlu işlə bağlı gəlirə aiddir?Saleh CƏFƏROV,Sumqayıt şəhəri.- \ Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 5.5.2. bəndinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər muzdlu işlə əlaqədar gəlirlərə aiddir və ailənin gəlirləri hesablanarkən nəzərə alınır. Bundan başqa, Qaydaların 5.5. bəndinə görə, muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:- əsas iş yeri və əvəzçilik üzrə pul v ə ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar ( təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri) istisna olmaqla), qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, müvəqqəti ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə);- işəgötürən tərəfindən ödənilən müavinətlər (ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət istisna olmaqla).Əmək müqaviləsinin elektron informasiya sisteminə ötürülməməsi hər hansı məsuliyyətə səbəb olurmu?Nazim MƏMMƏDOV,Yevlax rayonu.- Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə qəbul edilən işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi istisna olmaqla əmək müqaviləsinin bağlanılması, ona dəyişikliklər edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin pozulması inzibati məsuliyyətə səbəb olur. Belə ki, İXM-in 192.1 maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə: fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxlər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər və ya ondan artıq sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaradır.1962-ci ildən işləmişəm. Orta məktəbi bitirəndə 7 il stajım olub. Bu illərin pensiyasını alıram. Məktəbi bitirdikdən sonra ali məktəbə daxil olmuşam. Ali məktəbi bitirəndən sonra bu günə qədər işləyirəm. 5 il tələbə olduğum illərin pulunu ala bilmirəm. 1 il Suriya Ərəb Respublikasında tərcüməçi işləmişəm. Həmin ilə görə mənə 2 manat 19 qəpik pul verirlər. 1965-ci ildə 2 ay işləmişəm. Həmin ilə görə də 37 qəpik pul verirlər. Mən 4 dəfə: Moskvada 2 ay, Jitomirdə 6 ay, Simferopolda 6 ay və Odessada 6 ay hərbi mükəlləfiyyətdə olmuşam. Həmin illərə görə də mənə 2 manat 19 qəpik pul verirlər.5 il tələbəçilik, 1 il xaricdə, 1 il 8 ay hərbi mükəlləfiyyətdə olmuşam, bunların pulu necə hesablanmalıdır?Rövşən VƏLİYEV,Lənkəran rayonu, Viravul kəndi.- Əmək pensiyası hüququ qazanmağın şərtlərindən biri də qanunvericilikdə müəyyən edilmiş qaydada sosial sığorta stajına malik olmaqdır. \ Əmək pensiyaları haqqında\ qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən edilmişdir. 21.1 maddəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.Məktubunuzda 5 il təhsil müddətinin, 1 il başqa dövlət ərazisindəki fəaliyyət dövrünün və 1 il 8 ay müddətli hərbi xidmət dövrünün əmək pensiyası üçün sığorta stajına daxil olmamasının səbəbini soruşursunuz. Sizi maraqlandıran məsələlərin hamısı elə adıçəkilən Qanunla tənzimlənir.Belə ki, 21.2 maddədə 21.1 maddəsində göstərilənlərdən başqa daha hansı fəaliyyət növlərinin də sığorta stajına daxil olması göstərilmişdir. Ali məktəblərdə əyani təhsil müddəti sığorta stajına daxil edilməmişdir. Qeyd edək ki, əyani təhsil müddəti 2006-cı ilə qədər əmək pensiyasına çıxanlar üçün sığorta stajı kimi hesablanırdı. Siz yəqin ki, 2006-cı ildən sonra yaşa görə əmək pensiyası hüququ qazanmısınız. Buna görə də həmin illər düzgün olaraq sığorta stajına hesablanmır və pulu ödənilmir.Qanunun 21.2.3 maddəsinə əsasən, müddətli hüquqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olunmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də sığortaolunanın sığorta stajına daxil olur ki, Sizin də 1 il 8 ay müddəti həqiqi hərbi xidmət dövrünüz sığorta stajına daxil edilib.Adıçəkilən Qanunun 23-cü maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir.Elə bu əsasla da Sizin Suriya Ərəb Respublikasında işlədiyiniz müddət sığorta stajına daxil edilərək nəzərə alınıb.Əgər Sizə təyin olunmuş əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını hesab edirsinizsə, onda ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna və ya müvafiq rayon məhkəməsinə müraciət edə bilərsiniz.Məhkəmədə barəsində iddia qaldırdığım hüquqi şəxs yenidən təşkil olunmuşdur. Bu halda həmin hüquqi şəxsin əvəzinə cavabdeh qismində kim iştirak edəcək? Bu halda iş yenidənmi başlanır?Vəfa MƏMMƏDOVA,Yevlax rayonu.- Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən, tərəflərdən biri sıradan çıxdığı hallarda onun hüquq varisləri ilə əvəz olunmasına yol verilir.Hüquqi şəxsin yenidən təşkili birləşmə, qoşulma, ayrılma, bölünmə və çevrilmə formasında həyata keçirilir. Yenidən təşkil olunmuş hüquqi şəxsin prosessual hüquq varisi kimi aşağıdakılar çıxış edir:1. Qoşulmada və birləşmədə-yeni yaradılmış hüquqi şəxs (təhvil-təslim aktlarına əsasən).2. Ayrılmada və bölünmədə-yeni yaradılmış hüquqi şəxslər (bölünmə balansına əsasən).3. Çevrilmədə-yeni yaradılmış hüquqi şəxs.Ümumiyyətlə, prosessual hüquq varisliyi prosessual hüquq və vəzifələrin maddi hüquq varisliyi ilə bağlı bir şəxsdən digər şəxsə keçməsi deməkdir.Hüquqi şəxsin fəaliyyətinə onun ləğv edilməsi yolu ilə xitam verilməsi prosessual hüquq varisliyi yaratmır. Hüquqi şəxs ləğv edildiyi təqdirdə, əmlak tələbləri müəyyən edilmiş müddətdə ləğvetmə komissiyasına yönəldilir ki, bu da hüquq varisliyi demək deyil.Prosessual hüquq varisliyində proses yenidən başlanmır, davam etdirilir və prosesə daxil olan prosesdən çıxmış şəxsin fəaliyyətini davam etdirir.MPM-in 254-cü maddəsinə əsasən, işdə tərəf olan hüquqi şəxs yenidən təşkil edildikdə barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, məhkəmə hüquq varisi prosesə daxil olana qədər iş üzrə icraatı dayandırmalıdır.