Sərbəst güləş üzrə çempionat keçirilib


Baxıldı : 48

Tarix : 2017-11-24 23:12:36


16-17 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin  (FHN) qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilib.

FHN İşçiləri Həmkarlar İttifaqının və İdman-Sağlamlıq Klubunun birgə təşkilatçılığı ilə baş tutan yarışda nazirliyin 13 qurumunun 81 idmançısı mübarizə aparıb.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) 18-ci hissəsinin idman zalında 8 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Şəxsi birinciliyin qalibləri DYMX-nin idmançıları Həsən Carçıyev (57 kq.),  Orxan İsgəndərov (61 kq.),  Elman Qasımov (97 kq.), Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX)  əməkdaşları Cəlal Süleymanov (65 kq.), Elmir Qəmbərov (75 kq.), Sübhan İsmayılov (86 kq.), Səbuhi Hümbətov (125 kq.) və FHN Akademiyasının təmsilçisi Tural Umayev (70 kq.) olublar.

Komanda hesabında isə 1-ci yerə XRXX-nin, 2-ci yerə DYMX-nin, 3-cü yerə isə FHN Akademiyasının komandası layiq görülüb.

Tədbirdə FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək qaliblərə gələcək yarışlarda uğurlar arzulayıblar.

Qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib. İlk 3 yerin sahiblərinə medal və kubokla yanaşı, qiymətli hədiyyələr də verilib.

Elman İsmayılovun baş hakim olduğu yarışda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı kikboksçu Pərviz Abdullayev də qonaq qismində iştirak edib.

Azər MUSTAFAYEV