Sərbəstlik müəyyən həddi keçməməlidir


Baxıldı : 59

Tarix : 2019-03-04 04:33:05


Ölkənin  sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi, istehlak bazarındakı bolluqda da özünü göstərir.  Bazarlardakı  bolluq , gündən-günə ticarət obyektlərinin çoxalması,  sözsüz ki, insanların asan və rahat alış-verişini təmin edir. Lakin bu sahədə var olan bəzi problemlərin həlli istiqamətində hələ də müəyyən çətinliklər yaranır.  Belə ki, vətəndaşlar və bir çox dövlət nümayəndələri bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib.

  Həmçinin Dövlət Statistika Komitəsinin verdiyi  məlumata əsasən, qeyd edim ki, 2019-cu ilin yanvar ayında 2018-ci ilin həmin ayı ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4 faiz artıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov mövzu ilə bağlı qəzetimizə verdiyi açıqlamada dedi ki, təəssüflər olsun ki, ölkədə suni qiymət artımının olmaması fikri ilə razılaşmaq olmaz. Ümumiyyətlə, istər bayramlar qabağı, istər dövlət başçısının əməkhaqlarının, müavinətlərin artırılması ilə bağlı sərəncamlarından sonra bəzi işbazlar başlayırlar qiymətləri qaldırmağa. Hansı ki, mallar ölkədə yoxdu xaricdən gətirilir orada  milli valyutanın dəyişilməsi ilə ölkəyə də idxal olunan məhsullarda  qiymətlərdə bahalaşma müşahidə olunur. Lakin Azərbaycanda istehsal olunan məhsullarda heç bir qiymət artımı olmamalıdır. Bu subyektiv, yəni süni qiymət artımıdı və səbəbi anlaşılan deyil. Bunun qarşısını almağın yolları da deyə bilərəm ki, çətindir. Çünki bazar iqtisadiyyatında qiyməti bazar tənzimləyir və istehsalçılar məhsula istənilən qiyməti qoymaqda sərbəstdirlər.Yalnız o zaman qiymət stabilləşər ki, bazarda kifayət qədər mal olsun və qiymət aşağı düşsün.  Amma İqtisadi İnkişaf Nazirliyinin nəzdinə xüsusi departament fəaliyyət göstərir ki, onların nəzarəti ilə  süni qiymət artımına yol verilməməlidir. Sahibkarlar da başa düşməlidir, maarifləndirilməlidir ki, əməkhaqları, müavinətlər artırılırsa, buna uyğun da qiymətlər qalxmamalıdır. Bununla belə, aidiyyəti strukturlar bu məsələni diqqətdə saxlamalıdır. 

Deyə bilərik ki, qiymət artımının  daha çox təsir etdiyi süd və yağ məhsullarıdır. “Milla” süd emalı zavodunun səlahiyyətli  nümayəndəsi bildirdi ki, 2019-cu ilin ilk ayından etibarən qiymətlərdə artımın səbəbi bütün südçülərin bir araya gəlib, illik inflyasiyanı nəzərə alaraq, 8-10 faiz artıma qərar verməsidir. Marketlərdə isə qiymətlərin tənzimlənməsi üçün hazırda heç nə edə bilmirik. Əfsuslar olsun ki, market şəbəkələrinə  bu sahədə çox sərbəstlik verilib. Qiymətlərin nizamlanmasında biz öz məhsullarımıza görə cavabdehlik daşıyırıq. Çünki məhsulların son istehlakçıya hansı qiymətə çatdırılacağı bizim üçün önəmlidir. Bunun üçün zavod tərəfindən istehsal olunan məhsullara  marketlərdə  müəyyən bir nəzarət mexanizminin tətbiq olunması  nəzərdə tutulub.

Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov  bildirdi ki, süni qiymət artımının qarşısını almalı olan qurumlar  bu işlə mübarizə apardıqlarını dəfələrlə qeyd etsələr də, nəticəsiz qalır, çünki bu mümkünsüzdü. Azad, liberal bazar iqtisadiyyatına dövlət müdaxilə edə bilməz. Hökumətin vəzifəsi odur ki, bolluq yaratsın, subsidiyalar versin, vergiləri aşağı salsın. Dövlət tərəfindən tənzimlənməyən qiymətlərə dövlət məmurunun müdaxilə etməsi gülüncdür. Hüquqi sənəd olmalıdır ki, istehsalçıya deyə biləsən ki, bu sənədə əsasən qərarı pozursan. Əks halda kəndli məhsuluna istədiyi qiyməti qoymaqla heç bir qərarı pozmur. Amma marketlərdən vətəndaşlar tərəfindən  bizə hədsiz şikayətlər olur. Onun əsasında deyə bilərəm ki, marketlərdə müəyyən qanun- qayda tətbiq olunmalıdır.

Artıq çərşənbələr başlayıb və bayram ərəfəsində bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ərzaq məhsullarına tələb artır. Tələb artdıqda da mütləq qiymət artımı baş verir. Bu da bazar iqtisadiyyatının normal bir amilidir. Müvəqqəti olaraq belə bir hallar baş verə bilər. Təxmini olaraq bayram zamanı bazarda qiymətlərin maksimum 8 %-ə qədər artması gözlənilir. Bayram bitdikdən sonra qiymətlər yəqin ki, sabitləşəcək.

Əsli ƏHMƏDOVA