Sərnişindaşımada qiymət artımı səbəblər, gözləntilər


Baxıldı : 30

Tarix : 2018-08-03 20:12:47


Tarif (qiymət) Şurası iyulun 30-da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tarifləri təsdiq etdi. Bu qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə, “BakıBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlərin müraciəti əsasında verilmişdi. Müraciətdə səbəb kimi ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq  yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və sair amillər göstərilirdi. Həmçinin bildirildi ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətləri tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.

Tarif Şurasının qərarına uyğun olaraq avqustun 1-dən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə, məsafədən asılı olaraq, 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 müəyyən edilib.

Tarif Şurasının bu qərarı ilə bağlı mətbuata əlaqədar təşkilatlardan açıqlamalar verilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, tariflərin yuxarı həddinin yenidən müəyyənləşdirilməsi sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq. “Metroda bir sərnişin daşınmasının istismar xərcləri 47 qəpiyə bərabərdir. Hətta son tarif dəyişikliyindən sonra da arada 17 qəpik fərq olacaq”. Bu sözləri kütləvi informasiya vasitələrinə müsahibəsində “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov deyib. Onu da qeyd edib ki, 47 qəpiklik istismar xərcinə metro stansiyalarının, tunellərin inşası, yeni qatarların alınması, təmiri, moderləşdirilməsi, mövcud stansiyaların infrastrukturunun yenidən qurulması daxil deyil.

Hər iki məsul şəxs bildirib ki, hətta tarif dəyişikliyindən sonra da Azərbaycandakı tariflər əksər MDB ölkələri ilə müqayisədə xeyli aşağıdır.