Səyyar  iclas Yoxlamaların nəticələri müzakirə olundu


Baxıldı : 34

Tarix : 2019-06-07 10:57:01


Mayın 15-də Gəncə yol sahəsinin inzibati binasında Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin “İnfrastruktur Departamentinin Hacıqabul, Kürdəmir, Yevlax, Şəki, Gəncə,  Ağstafa yol sahələrində Əmək Məcəlləsinin tələblərinə, əmək və digər müavinətlərin ödənilməsi qaydalarına riayət olunması, əməyin mühafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə müəssisə rəhbərləri ilə HİK-lərin gördüyü işlər haqqında” məsələ ilə əlaqədar səyyar iclası keçirilmişdir.

İclasda Respublika Komitəsinin müvafiq komissiyasının apardığı yoxlamaların nəticələri barədə arayış dinlənilmişdir. Müəssisə rəhbərləri təqdim olunan arayışa münasibət bildirmişlər. Arayışda və çıxışlarda deyilmişdir ki, layiqli iş şəraitinin yaradılması istiqamətində müəssisələrdə çox sayda işlər görülmüş, uzun müddət mövcud olan məişət problemləri aradan qaldırılmışdır.

Gündəlikdə duran məsələ ilə bağlı qərar qəbul edilmişdir. Bütövlükdə sözügedən region təşkilatlarında görülən işlər müsbət qiymətləndirilmişdir. Bəzi müəssisələrin rəhbərlərinə hələ də qalmaqda olan problemlərin qısa vaxtda həll edilməsi tapşırılmışdır.

May ayının 14-15-də Dəmiryolçuların MHİRK-in sədri  Fəzail Bağırov və aparat işçiləri  Gəncə şəhərində yerləşən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamentinin Qərb istiqaməti üzrə bölməsinin, Gəncə lokomotiv deposunun, Qərb vaqon deposunun, İnfrastruktur Departamentinin Gəncə yol, işarəvermə və rabitə, elektrik təchizatı sahələrinin işçiləri ilə görüşmüş, onların iş şəraitinin vəziyyəti, sosial-məişət problemləri ilə tanış olmuşlar. Maddi vəziyyəti ağır olan dəmiryolçulara maliyyə yardımları göstərilmişdir.