Şiddətli istilər təhlükəlidir


Baxıldı : 92

Tarix : 2017-07-07 22:18:44


Tədqiqatçı iqlimşünaslar son onilliklər ərzində 36 ölkədə şiddətli istilər nəticəsində baş vermiş, minlərlə insanların ölümü ilə nəticələnən 1900 hadisəni araşdırıblar. Nəticələr isə heç də ürəkaçan deyil. İsti hava dalğalarının intensivliyi durmadan artır. Hesablamalar göstərib ki, 1960-2009-cu illər ərzində belə hallar ən çox Hindistanda baş verib.

Hazırda dünya əhalisinin 30%-i ilin 20 günü ərzində hava temperaturunun ölümcül həddə qalxdığı ərazilərdə yaşayır. Proqnozlara görə, 2100-cü ildə Nyu-York və Moskva kimi şəhərlərdə belə ekstremal günlərin sayı il ərzində 50-yə çatacaq.

Qeyd olunur ki, Selsiyə görə, normal insan temperaturu 37 dərəcədir. Xarici temperatur yüksələndə isə, orqanizmdə tərləmə baş verir və hərarət düşür. Buna görə də havanın 37-38 dərəcə istiliyi artıq ekstremal hal sayılır.

Havanın temperaturu 40 dərəcəyə qalxanda isə, orqanizmin soyuducu sistemi bu halın öhdəsindən gəlmir və havanın temperaturu vücudumuza keçir. Əgər təcili tədbir görülməsə, bu hal faciə ilə bitə bilər. Ekstremal istilər rütubətli hava şəraitində yaşayan insanlar üçün daha çox təhlükəlidir. Çünki həmin ərazilərdə tər bədəndən xaric olmur. Odur ki, hətta 30 dərəcə temperatur belə, ölümcül təhlükə daşıyır. İqlimin qlobal dəyişkənliyi isə nə fərziyyə, nə də əfsanədir. Bu bir neçə oniillikdən sonra üzləşəcəyimiz gerçək təhlükədir.

Azər MUSTAFAYEV