Sığorta ödənişi almaq üçün hara müraciət olunmalıdır və bu ödəniş hansı qaydada ödənilir?


Baxıldı : 215

Tarix : 2018-05-12 03:48:31


Sığorta ödənişi almaq üçün hara müraciət olunmalıdır və bu ödəniş hansı qaydada ödənilir?

 

Səməd İBRAHİMOV,

Bakı şəhəri.

 

- “İşsizlikdən sığorta haqqında” qanunun 17-ci maddəsinə əsasən, sığorta ödənişini almaq hüququna malik olan şəxs-sığortaolunan sığorta ödənişi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edir. Ərizənin forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı nazirlik tərəfindən müəyyən edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

- ilk 2 təqvim ayı üçün - 100 faiz;

- 3-4-cü təqvim ayları üçün - 80 faiz;

- 5-6-cı təqvim ayları üçün - 70 faiz.

Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.

Təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi 3 ay müddətində hər ay üçün bərabər məbləğdə ödənilir.

Əsas sığorta ödənişinə əlavə əsas sığorta ödənişi ilə birlikdə ödənilir.

“İşsizlikdən sığorta haqqında” Qanunun 18-ci maddəsi “Sığorta ödənişinin verilməsinin dayandırılması” adlanır. Həmin maddəyə əsasən, sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır:

- sığorta ödənişini alan şəxs işlə təmin edildikdə;

- sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə;

-sığorta ödənişini alan şəxs  üçün sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;

- sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə;

- sığorta ödənişini alan şəxs ona təklif olunan iki münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə;

- sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəldikdə;

- sığorta ödənişini alan şəxs müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;

- sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;

- sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olunduqda;

- sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda;

- sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

- sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;

- sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;

- sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qanuna uyğun olmayan məlumatlar aşkar olunduqda;

- sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə.

 

4 aylıq hamiləyəm. Problemli hamiləlik keçirirəm. Həkim müayinə etdikdən sonra müalicə almağımı söylədi.  Ona görə də 2 həftəlik xəstəlik vərəqəsi götürmək istəyirəm. Mənim 10 il 3 ay stajım var. Amma eşitmişəm ki, hamiləliyə görə xəstəlik vərəqəsi yüz faiz ödənilməlidir. Bu, həqiqətən belədir, yoxsa xəstəlik vərəqəsi stajına əsasən hesablanıb ödəniləcək ?

 

Məhbubə MƏMMƏDOVA,

Şirvan rayonu.

 

- Nazirlər Kabinetinin 1998-ci il  15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin  62-ci hissəsinə müvafiq olaraq, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinətin 100 faiz həcmində verildiyi hallar və onu almaq hüququna malik olan şəxslərin dairəsi dəqiq göstərilmişdir. Sizə təqdim olunacaq əmək qabiliyyəti olmama vərəqəsi Əsasnamənin 62-ci hissəsinə uyğun olaraq 100 faiz deyil, 80 faiz miqdarında ödənilməlidir.

Çünki  8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə qazancın 80 faiz miqdarında müavinət verilir.

Həmçinin Əsasnamənin 72-ci hissəsinə əsasən, yalnız hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.

Siz hamiləliyə və doğuma görə sosial məzuniyyətə çıxdıqda əmək qabiliyyəti olmama vərəqəsinə görə müavinət 100 faiz, sualınızda qeyd edilmiş halda isə sığorta stajınıza uyğun olaraq 80 faiz miqdarında hesablanıb ödəniləcəkdir.

 

Ailəli deyiləm. Maddi cəhətdən imkanım var, yüksəkmaaşlı vəzifədə çalışıram. Övladlığa uşaq götürə bilərəmmi? Ailəli olmamağım buna mane ola bilərmi? Buna görə hara müraciət etməliyəm? Övladlığa götürmənin qaydasını izah etməyinizi xahiş edirəm.

 

Həmid ƏSGƏROV,

Bakı şəhəri.

 

- Övladlığa götürmə ailə qanunvericiliyi ilə tənzimlənir. Ailə Məcəlləsinin 117-ci maddəsinə əsasən, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə yol verilir.

Siz maddi cəhətdən imkanlı olduğunuzu və yüksək maaş aldığınızı qeyd edirsiniz. Lakin təkcə maddi təminat və ya mənzil təminatı övladlığa götürülən uşağın mənafeyini tam mənada ifadə etmir. Övladlığa götürmənin vacib şərtlərindən biri uşağın mənafeyidir ki, bu da, hər şeydən əvvəl, onun yaxşı şəraitdə yaşaması, istirahəti ilə yanaşı fiziki, psixi, mənəvi inkişafını təmin edən şəraitin yaradılması deməkdir.

Qanun övladlığa götürmək hüququ olmayan şəxslərin dairəsini müəyyən etmişdir. Sizin ailəli olmamanız, yəni nikaha düşməməniz Ailə Məcəlləsinin 120-ci maddəsinə əsasən, övladlığa uşaq götürmək üçün mane ola bilməz. Lakin qanunvericilik bu zaman övladlığa götürülən uşaq ilə övladlığa götürən şəxs arasında yaş fərqini də müəyyən etmişdir. Belə ki, nikahda olmadığınız üçün övladlığa götürdüyünüz uşaqla Sizin aranızda yaş fərqi 16 yaşdan az olmamalıdır. Üzrlü hesab edilən səbəb varsa, məhkəmə tərəfindən bu fərq qısaldıla bilər.

Övladlığa götürmənin qaydası da Ailə Məcəlləsi ilə müəyyən edilmişdir. Bu proses Sizin məhkəməyə verdiyiniz ərizə əsasında keçiriləcək. MPM-in 345-ci maddəsinə əsasən, ərizə övladlığa götürmək istədiyiniz uşağın yaşadığı yer üzrə məhkəməyə verilir. Belə işlərə məhkəmədə baxılarkən müvafiq icra hakimiyyəti orqanlarının da iştirakı təmin olunur.

Hər hansı bir şərtlər altında, hər hansı bir müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürməyə qanunvericiliyə əsasən yol verilmir. Övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsi, doğulduğu yerin və doğum tarixinin dəyişdirilməsi, övladlığa götürənlərin valideyn kimi yazılması məsələləri də ailə qanunvericiliyində öz əksini tapmışdır.

Sonda qeyd edək ki, övladlığa götürmənin gizli saxlanılmasına da qanunvericilik təminat verir.