Silahlı Qüvvələrin 100 illiyi münasibətilə


Baxıldı : 81

Tarix : 2018-06-30 04:28:42


Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi Füzuli Rayon Təhsil Şöbəsində qeyd olunmuşdur. Rayon təhsil şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə adlı-sanlı müəllimlər, həmkarlar ittifaqı liderləri, fəalları, Qarabağ müharibəsi veteranları iştirak edirdilər.

Tədbirə toplaşanları təhsil şöbəsinin müdiri Ramella Məmmədova bu əlamətdar yubiley münasibətilə təbrik etdi. Dedi ki, ordumuz hələ 1918-20-ci illərdə - yəni yarandığı ilk vaxtlarda tarixi qələbələrə imza atmış, Qarabağımızı erməni daşnaklarının hücumlarından cəsarətlə qorumuşdu. Bu uğurları müasir Azərbaycanın şanlı ordusu da davam etdirir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan Silahlı Qüvvələri Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir-birinin ardınca Ermənistan ordusu üzərində qələbələr qazanır. 2016-cı ilin Aprel döyüşləri, bir neçə gün əvvəl Naxçıvanda 11 min hektar ərazinin düşmən işğalından azad edilməsi buna parlaq misaldır.

R.Məmmədova çıxışının sonunda bildirdi ki, xalqımız ordumuza, onun Ali Baş Komandanı İlham Əliyevə inanır, yaxın vaxtlarda doğma Qarabağda Azərbaycan bayrağının dalğalanacağına əmindir.

Həmkarlar ittifaqı rayon komitəsinin sədri Əli Sadıqov çıxışında bildirdi ki, Füzuli camaatı Qarabağ müharibəsinin ağrı- acılarını öz həyatlarında yaşamışlar. Hələ nizami ordumuzun mövcud olmadığı bir vaxtda düşmən həmlələrinə sinə gərmiş, fədakarlıq nümunəsi göstərmişlər. Təkcə rayon təhsil sahəsində 18 nəfər Qarabağ müharibəsi veteranı çalışır. Onlardan iki nəfəri II qrup, bir nəfəri isə III qrup əlildir. Üzvlərimizdən bir nəfər Çernobıldan, bir nəfər isə Əfqanıstan müharibəsindən əlil kimi qayıtmışdır. Təhsil şöbəsi ilə bağladığımız kollektiv müqaviləyə əsasən, bu insanlar müəyyən güzəştlər əldə ediblər. Məsələn, II qrup əlillərə 25, III qrup əlillərə isə əməkhaqqının 15 faizi qədər əlavə ödəniş verilir. 400 manata qədər əməkhaqqı alan Qarabağ əlillərindən vergi tutulmur.

Sədr dedi ki, rayon komitəsinin qərarına əsasən, ilk təşkilatlarda 100 illiklə bağlı tədbirlər keçirilir. Şagirdlərlə veteranların görüşləri, Qarabağ əlillərinin ziyarəti təşkil olunur. Məktəblərdə ədəbi-bədii kompozisiyalar nümayiş olunur.

Tədbirdə digər çıxışlar da dinlənildi. Qarabağ əlilləri əlillərinə Hİ rayon komitəsi tərəfindən qiymətli hədiyyələr verildi və maddi yardımlar göstərildi.

Tədbir çay süfrəsi ilə davam etdi.