“Şimal-2” elektrik stansiyası fəaliyyətə başladı


Baxıldı : 29

Tarix : 2019-09-06 19:20:58


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdilər.

Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasını işə saldı, stansiyanın kollektivi ilə xatirə şəkli çəkdirdi.

Stansiyanın kollektivinə uğurlar arzulayan Prezident İlham Əliyev dedi:

-Təbrik edirəm. Stansiyanın açılışı çox əlamətdar hadisədir. Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var.

Yaponiya şirkətlərinə də təşəkkürümü bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür və Xarici İşlər nazirinin müavini də xüsusilə bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır.

Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.