Siqaretlə bağlı daha bir qərar


Baxıldı : 375

Tarix : 2015-12-12 06:18:00


Artıq siqaretin insan orqanizminə mənfi təsirini nəzərə alan bir çox dövlətlər buna qarşı sərt addımlar atır. Bir çox ölkələrdə ictimai yerlərdə siqaret çəkmək tamamilə qadağan edilib. Bununla yanaşı, yeniyetmə və uşaqlara da siqaret satıla bilməz. Azərbaycanda da tütün və tütün məmulatlarının idxalı və ticarəti ilə bağlı yeni qadağaedici şərtlər müəyyənləşdirilir. Bununla bağlı \ Tütün və tütün məmulatı haqqında\ qanuna əlavələr təklif edilir. Qanunun 14.3-cü (Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir) və 15.3-cü (Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur) maddələrinə görə, tütün və tütün məmulatlarının idxalı və satışını şərtləndirən qadağalar sırasına daha bir bənd (tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda) əlavə olunur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.Ekspertlər isə deyir ki, siqaret çəkilməsinin qarşışını almağa və onun zərərinin azaldılmasına yönəldilən istənilən tədbir təqdirəlayiqdir. Çünki ağciyərlərdə xərçəng xəstəliyinə tutulan insanların əksəriyyəti məhz siqaret çəkənlərdir. Həkim Vüsal Qarayev də deyir ki, siqaret ürək xəstəlikləri, iflic və xərçəngin digər formalarının da yaranmasına təsir edir: \ Həmçinin ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzində xərçəng xəstəliyi yaranır. Yalnız siqaret çəkənlər deyil, onun tüstüsü altında olanlar da risk qrupuna daxildir. Hər il bu təsirdən minlərlə adam dünyasını dəyişir. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin də kokain qədər güclü təsirə malikdir. Siqaret çəkənlərin çoxu onun təsirindən xəbərdardır. Digərləri tərkibində nikotin az olan, ya da mentol, nanəli siqaretlərdən istifadə edirlər. Ancaq bilmirlər ki, nanəli siqaretin zərəri adi siqaretdən də çoxdur. Çünki sərinləşdirici təsirə malik olduğu üçün mentolu ağızda çox saxlayır və tüstünü içəri çəkdikdə ağciyərlərdə daha çox qalır. Siqaret tüstüsünün ziyanı çəkməyənlər üçün də əsl təhlükə mənbəyidir. Siqaret çəkən bir insanın yanında duran insan həm yanan tütünlə, həm də siqaret çəkən insanın tələffüsü ilə tənəffüs edir və bunun da zərəri kifayət qədərdir. Nəticədə hər il minlərlə passiv siqaret çəkən siqaret tüstüsünün verdiyi zərər nəticəsində xəstələnərək həyatını itirir. Buna görə də ömrünü sağlam başa vurmaq istəyən hər kəsin siqaretdən mümkün qədər kənar olması məsləhətdir\ .Xalid AZƏR