Şirkət imicinə xələl gətirə bilər


Baxıldı : 106

Tarix : 2017-04-21 23:34:53


Yaponiyanın böyük texnologiya şirkəti olan "Fujitsu"nun Böyük Britaniyada yerləşən mağaza və istehsal obyektlərindən 1800-ə yaxın işçinin ixtisarı planı "Unite" Həmkarlar İttifaqını hərəkətə keçirib. İttifaq ölkədəki Yaponiya səfirliyinə məktub göndərərək İngiltərə hökumətinin ixtisarla bağlı mövqeyinin şirkət tərəfindən dəstəklənməsinə etiraz edib.  Londonda ittifaq üzvləri  etiraz aksiyalarına başlayıblar. "Unite"dən mətbuata bildirilib ki, ixtisar planı həyata keçirilərsə, 15 günlük tətil təşkil olunacaq. "Unite"nin nümayəndəsi Lan Tonks məsələ ilə bağlı deyib ki, İngiltərə hökumətinin yeni işçi planlamasına görə minlərlə çalışan öz işini itirə bilər. Özəl müəssisələrin, xüsusilə də mərkəzi başqa ölkədə olan böyük qurumların bu ədalətsiz qərarı tətbiq etməsi qəbuledilməzdir".

Əsasən Edinburq, Birmingem, Belfast, Mançester, London, Stevenage, Varrinqton, Veikfield kimi şəhərlərdə yerləşən "Fujitsu"nun emal müəssisələrində 1800 çalışanın işdən azad edilməsi planlaşdırılır. Burada həmçinin maaş, pensiya, təhlükəsiz əmək şəraitinin yaradılması, həmkarlar ittifaqı təşkilatlarında birləşmə ilə bağlı müəyyən anlaşılmazlıqlar da mövcuddur.

"Fujitsu" Avropada ən çox gəliri də məhz Böyük Britaniyadan götürür. "Unite" Hİ hesab edir ki, işçi ixtisarını həyata keçirməklə şirkət imicinə xələl gətirə bilər.

Cavid SƏFƏROV