Şirkətə qarşı beynəlxalq kampaniya başlanılacağı bildirilib


Baxıldı : 35

Tarix : 2018-09-08 03:05:47


İndustriALL və UNİ qlobal ittifaqları  şəxsi gigiyenik məhsullar istehsal edən “Kimberly Clark” şirkətinin işçilərə qarşı mənfi münasibətini qınayıb. Şirkətin müxtəlif ölkələrdəki istehsal müəssisələrində işçilərin hüquqları əsassız şəkildə pozulur. Qurum ildən-ilə ailə şirkəti olaraq marka dəyərinin artırılması yönündə kampaniyalar həyata keçirsə də, həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə və çalışanların ittifaqa üzv olmasına maneələr yaradır. Bundan başqa, bu ilin yanvar ayında üç il ərzində 5 min işçinin ixtisar ediləcəyi barədə verilən açıqlama həmkarlar ittifaqı təşkilatlarında narahatlıq yaradıb.

Fərqli ölkələrdə idarəçilik orqanları ilə ortaya çıxan anlaşılmazlıq zamanı şirkət müəssisəni bağlama fikrindən təhdid kimi istifadə edir. Cənubi Avstraliyada şirkətə məxsus  Millisent fabrikində çalışan 265 işçi müəssisənin bağlanması ilə bağlı təhdidlərə qarşı tətil keçirib. Eyni təhdidlərə ABŞ -ın Vinkonsin ştatındakı fabrikdə və bir sıra Avropa ölkələrində də rast gəlinir.

İndustriALL və UNİ qlobal ittifaqları hazırda  məsələ ilə bağlı məhkəməyə müraciət etmək istəmir. Onlar həmkarlar ittifaqı təşkilatı ilə münasibətlərin və danışıqların yenidən davam etdirilməsi tərəfdarıdırlar. Bununla belə, “Kimberly Clark” dan həmkarlar ittifaqı təşkilatı ilə münasibətlərin normaya salınması və işçilərin hüquqlarının təminatı yönündə davamlı addımlar atılmasa,  şirkətə qarşı beynəlxalq kampaniya başlanılacağı bildirilib. Qeyd edilib ki, həmkarlar ittifaqı təşkilatları ilə danışıqlarda mənfi mövqe “Kimberly Clark”ın bazarda marka dəyərinin azalmasına gətirib çıxarır.

 

Cavid Səfərov