Sıx əməkdaşlıq əlaqələri qurulub


Baxıldı : 47

Tarix : 2017-09-29 23:50:21


Dövlət qurumlarının apardığı səmərəli işi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün həyata keçirdiyi təsirli tədbirləri yüksək qiymətləndirməklə bərabər, deməliyəm ki, həmkarlar ittifaqı təşkilatlarının da rayonumuzda təhsilin inkişafına əvəzolunmaz töhfələri var. Əvvəla, qeyd edim ki, istər əmək, istərsə sosial baxımdan çətinliklər, mübahisəli məsələlər ortaya çıxanda ilk növbədə həmkarlar ittifaqının münasibəti, dəstəyi lazım gəlir. Biz belə məqamlarda qanunvericilik bazasının, kollektiv müqavilələrin verdiyi imkanlardan bəhrələnməklə, haqqın tərəfində durmaqla, sözümüzü deyirik. Rayon təhsil şöbəsi ilə sıx əməkdaşlıq əlaqələri qurmuşuq. Tədbirlərimizin böyük əksəriyyəti birgə təşkilatçılığımızla keçirilir.

Məsələn, bu ilin yay aylarında müəllimlərin sağlamlığının bərpası, möhkəmləndirilməsi məqsədilə ölkəmizin səfalı guşələrinə onların qısamüddətli turist səfərlərinin təşkilində təhsil şöbəsi bizə dəstək göstərdi. Birgə təşkilatçılığımızla Zərdab məktəblərindən 238 müəllim Zaqatala, Şəki, Balakən, İsmayıllı, Qax və Oğuz rayonlarında yayın ləzzətini çıxarıb. Onlarla müəllimə sanatoriyalara, istirahət mərkəzlərinə yollayışlar alıb vermişik.

Rayonumuzun təhsilini ləyaqətlə təmsil edən, təhsildə fərqlənən və təqaüddə olan müəllimlərə diqqətlə yanaşmışıq. Uğurlarını, yubileylərini təntənəli yığıncaqlarla qeyd etmişik. Hər birini mükafat və qiymətli hədiyyələrlə sevindirmişik.

Dövlətimizin, rayon rəhbərliyinin, həmkarlar ittifaqının qayğısına rəğmən müəllimlərimiz də məsuliyyət hissi ilə vəzifələrini yerinə yetirirlər. Təhsilin keyfiyyətinin artırılması üçün var qüvvələrini əsirgəmirlər. Təsadüfi deyil ki, ali, orta ixtisas məktəblərinə hər il onlarla zərdablı gənc daxil olur. Ayrı-ayrı fənlər üzrə respublika baxış-müsabiqələrində mükafatalayiq yerlər tutan şagirdlərimiz də az deyil.

Bir neçə gündən sonra müəllimlərin beynəlxalq peşə bayramı günü olacaq. Mən bu münasibətlə respublikamızın, o cümlədən rayonumuzun müəllimlərini təbrik edirəm.

Etibar NİFTALIYEV,

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab Rayon Komitəsinin sədri