Sıx əməkdaşlıq şəraitində işləyirik


Baxıldı : 120

Tarix : 2019-06-07 10:58:28


2000-ci ildən Azərbaycan inşaat sektorunda uğurla fəaliyyət göstərən AKABE MMC-nin yeni “AKABE-Kütahya” satış-sərgi salonu açılıb.

Açılış mərasiminə Azərbaycanın tanınmış ziyalıları, incəsənət və şou-biznes aləminin məşhurları, memarlar, dizaynerlər, iş adamları, Kütahya şirkətinin yaradıcısı Nafi Gural, “Kütahya Seramik”in rəhbəri Erkan Gural, “Kütahya Porselen”in rəhbəri Sema Güral da dəvət almışdılar.

Tədbiri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıb. Deyib ki, Azərbaycanın inşaat sektorunda 19 illik fəaliyyəti ərzində bir çox yeniliklərə imza atmış “AKABE” bu dəfə də yeni məkanda dünyaca məşhur türk markası olan Kütahya şirkəti ilə bir araya gələrək müştərilərinə “Kütahya Seramik” və “Kütahya Porselen”in orijinal sertifikatlı məhsullarını geniş çeşiddə və unikal dizaynda təqdim edir.

Səfir deyib ki, 1961-ci ildə əsası qoyulmuş “Kütahya Seramik” keramikanın vətəni sayılan Çin Xalq Respublikasına məhsullarını ixrac edən ilk və tək türk markasıdır. Ümumilikdə şirkət 70-dən çox ölkəyə məhsullarını ixrac edir. “Türkiyə istehsalı” loqosunu fəxrlə daşıyan “Kütahya Seramik” türk keramika sektorunda bir fərqlilik yaradıb.

Bununla yanaşı, yeni mağazada dünyaca məşhur markaların məhsullarını da görmək olar.

Açılışda iştirak edən Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Nərimanov, Nizami və Suraxanı rayonları üzrə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri İsgəndər Cabbarov müxbirimizə bildirdi ki, AKABE 15 ildir ittifaqımızın üzvüdür. Təşkilatın rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Vaxtaşırı kollektiv müqavilə bağlayırıq. İşçilərin sosial, əmək hüquqlarının geniş, konkret əksini tapdığı kollektiv müqavilələrdə götürülən öhdəliklər vaxtında və dəqiq yerinə yetirilir.

İsgəndər müəllim MMC-nin təsisçisi və direktoru Vüqar Cəfərovun həmkarlar ittifaqının fəaliyyətinə yüksək qiymət verdiyini də söylədi. Dedi ki, V.Cəfərov təşkilatımızın təklif və təşəbbüslərinə həmişə diqqətlə yanaşıb və onların həyata keçirilməsinə  kömək göstərib.

Həmsöhbətimiz onu da bildirdi ki, MMC AHİK-in keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika-baxış müsabiqəsinin qalibləri sırasında olub.