“Siz kollektivin etimadını qazanmağı bacarırsınız”


Baxıldı : 91

Tarix : 2019-03-07 05:32:12


“İnsan hüquqlarının müdafiəsi məqsədilə yaradılmış beynəlxalq qurumların günümüzdə narahatlıqla səsləndirdikləri problemlərdən biri də gender bərabərliyidir. Həqiqətən də, hətta inkişaf etmiş Avropa ölkələrində, zərif cinsin nümayəndələrinin cəmiyyətin həyatında, istehsalatda və sair sahələrdə fəal iştirakı lazımi səviyyədə təmin olunmur. Əməkləri layiq olduğu qədər qiymətləndirilmir”.

Bu sözləri 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş yığıncaqda Sahibkarlıq,Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov söylədi. Sözünə davam edərək dedi: Azərbaycan müstəqillik qazanandan sonra dövlətimiz gender bərabərliyi məsələsinə xüsusi diqqət yetirdi. Həmkarlar ittifaqları da öz fəaliyyətində qadınların maraqlarının qorunmasına böyük önəm verir. Hazırda seçkili orqanlarda çalışanların xeyli hissəsi qadınlardır. AHİK-in, eləcə də sahə həmkarlar ittifaqlarının nəzdində qadın şurası, komissiyaları fəaliyyət göstərir.

Baş Kollektiv Sazişdə, sahə tarif sazişlərində, kollektiv müqavilələrdə qadınlara dair çox sayda öhdəliklər götürülür. Həmkarlar ittifaqı təşkilatları bu öhdəliklərin yerinə yetirilməsini nəzarətdə saxlayır.

Elə bugünkü məclisimizin iştirakçılarının cins tərkibinə nəzər salmaq kifayətdir. Bayram süfrəsinə əyləşən 20 nəfərə yaxın rayon və ilk təşkilat sədrinin hamısı qadınlardır. Aranızda bir neçə seçki bu vəzifəni daşıyanlar da var. Bu nə deməkdir?!

Deməli, siz kollektivin etimadını qazanmağı, başqa sözlə, işinizi qurmağı, işçilərin hüquqlarını qorumağı yaxşı bacarırsınız.

Məhəmmədəli müəllim xanım sədrləri beynəlxalq qadınlar günü münasibətilə təbrik etdi. Hər birinə həyatda və daşıdığı məsul vəzifədə uğurlar arzuladı. Sonra onlara bayram hədiyyələri təqdim etdi.

Tədbir iştirakçıları xoş sözlərə, hədiyyələrə və şirniyyat süfrəsinə görə Respublika Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildirdilər.