Smartfonlardan asılılığın fəsadları


Baxıldı : 372

Tarix : 2015-11-20 05:13:00


Müasir dövrdə mobil telefonlardan asılılıq getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdədir. Smartfonlar və internetden asılılıq xəstəliklərin beynəlxalq təsnifatına artıq xəstəlik kimi salınması geniş müzakirə olunan məsələdir. Bu problem xüsusən də gənclərdə daha çox özünü göstərir. Belə ki, müxtəlif nəqliyyat vasitələrində, digər ictimai yerlərdə telefona həddindən artıq aludə olanların sayı durmadan artmaqdadır. Hətta qulaqcıqlar vasitəsilə yüksək səslə musiqi dinləyən yüzlərlə gənc hər gün şəhərin küçələrində müxtəlif təhlükələr yarada, eyni zamanda özləri də faciə qurbanına çevrilə bilərlər. Bundan əlavə, bu kimi amillər yaşlı nəslin nümayəndələrinin də ciddi qınağına səbəb olur ki, bu da saysız-hesabsız mübahisələrə, əsəb pozğunluğuna gətirib çıxarır. Bir şeyi qeyd etmək lazımdır ki, indiki dövrdə smartfonsuz ünsiyyət qurmaq, işləmək və problemləri həll etmək mümkün deyil. Ekspertlər smartfondan asılılıq əlamətləri qismində növbəti amilləri sadalayıblar: telefonsuz ötüşməyin qeyri-mümkünlüyü, tez-tez heç bir əsas olmadan yeni xəbərlərin daxil olub-olmadığını yoxlamaq, mobil telefondan istifadəyə idarə edilməyəcək dərəcədə həvəs göstərmək. Fiziki əlamət qismində isə - insan hərəkətdə olanda, növbə gözləyəndə və hətta yolu keçərkən belə başını aşağı əyib telefona baxarkən boyun nahiyəsində yaranan ağrılar göstərilir. ABŞ-ın Beylor Universiteti tərəfindən aparılan araşdırmaların nəticəsində tələbələr arasında daha çox smartfon asılılığı aşkar olunub. Hesabata əsasən, bir sıra tələbə qızlar gündə smartfona 10 saat sərf edir. Bu, smart-fon asılılığından əziyyət çəkən gənc oğlanlardan iki dəfə çoxdur. Araşdırmalar sübut edib ki, smartfondan çox istifadə tələbələrin dərsə davamiyyətinə mənfi təsir göstərir.Tədqiqatçıların sözlərinə görə, \ Instagram\ , \ Facebook\ , \ Twitter\ və \ Pinterest\ kimi bir sıra əlavələr həqiqətən tələbənin smartfondan nə dərəcədə asılı olmasını göstərə bilər. Rəyi soruşulan tələbələrin 60 faizi gizlətmir ki, onların həqiqətən öz mobil telefonlarından asılılığı var. Onlardan bəziləri bildirib ki, telefon göz qabağında olmayanda həyəcan keçirir və narahat olur.Psixonevroloji Mərkəzin psixoloqu Günel Aslanova bildirdi ki, bütün növ asılılıqların mexanizmləri eynidir, istər yemək, oyun, smartfon asılılıqları, hamısının yaranma mexanizmləri eynidir. O an insan özünü xöşbəxt hiss etmək istəyir və bunun üçün asılılıq obyektindən istifadə edərək həmin o xoşbəxtlik hissini təmin edir. Bu, daha çox iradəsi zəif insanlarda olur. İradəsi güclü olan insanlar qarşısına daha böyük məqsədlər qoyaraq ona qarşı addım-addım gedir. Və nəticədə həmin insanın həyat fəaliyyətinin məhsuldarlığı aşağı enmiş olur. Günün müəyyən saatları planşet və smartfon ilə keçirilirsə, həmin zamanda insan görəcəyi digər işlərdən uzaqlaşmış olur. Onu da qeyd etmək lazımdır ki, əgər real münasibətlərin sayı onlayn ilə müqayisədə aşağı enibsə və onlayn üstünlük təşkil edirsə, vaxt azlığından şikayət varsa, bu hamısı asılılıqdan əziyyət çəkmənin bir göstəricisidir. Smartfonlardan asılılıq hansı təhlükəni yarada bilər? Təbii ki, insan əvvəlki kimi real ünsiyyətə can atmır, onlayn münasibətlərindən məmnunluq duyur. Lakin virtual münasibətlərin keyfiyyəti çox aşağı olur. Psixoloqun sözlərinə görə, asılılıqdan qurtulmaq üçün ilk öncə onun yaranma səbəbləri müəyyən olunmalıdır. Məsələn, ola bilər ki, depressiyadan cıxış yolu kimi adam fikrini həmin obyektə yönəldilir və ya digər sosial problemlərdən qaçır. Misal üçün, ürək ağrısını sakitləşdirici dərmanla aradan götürmək olmaz, mütləq onun səbəbi oyrənilməlidir. Ekspert vurğuladı ki, bütün dünyada hər növ asılılıqların müalicəsi xəstənin asılılıq obyektindən uzaqlaşdırılma-sıdır. Öncə insan müəyyən vaxt həmin o obyektdən uzaq saxlanılır. Əlbəttə, pasiyentlərdə ilk vaxtlar bu proses qıcıq yaradır. G. Aslanova qeyd etdi ki, smartfon asılılığı ilə gələn pasiyentlərin qabağına bir ay müddətində telefona internet paketi almamaq şərti qoyulur. İlk bir neçə gün bu, insanda narahatlıq hissi, əsəbilik və s. yaradır, amma bundan qurtulmaq üçün başqa yol yoxdur. Digər vacib məsələ də odur ki, smartfonlar vasitəsilə alınan informasiya daha asan olduğu üçün insanlar buna can atırlar. Lakin bu tip informasiya \ həzm olunmadan\ keçib gedir. Kitabdan oxunan informasiya isə əksinə, daha çox dərk edərək, düşünərək qəbul edilir. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanda internet şəbəkəsində problem yaşananda, insanlar 7 saat ərzində İnternetsiz qaldı və bu hal əksəriyyət üçün stress və təşviş yaratdı. Günel RAFAYILQIZI