Səttar Möhbalıyev: “Prezidentin qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsi prosesində var gücümüzlə çalışmalıyıq”


Baxıldı : 1039

Tarix : 2020-04-30 05:57:54


Aprelin 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) onlayn iclas-müşavirə keçirilib.

AHİK sədri, Milli Məclisin deputatı  Səttar Möhbalıyev İcraiyyə Komitəsinin gündəliyində olan məsələlər barəsində  iştirakçılara məlumat verib.

Səttar Möhbalıyev 2020-ci il üçün həmkarlar ittifaqının büdcəsi barədə danışarkən respublika komitələrinin ehtiyat fondu yaratmalarının vacibliyini və bu vəsaitlərdən səmərəli istifadə olunmasını tövsiyə edib.

Millət vəkili Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı haqqında  (2019-cu ilin yekunlarına görə) da məlumat verib. Deyib ki, keçən ilin yekunları parlamentdə müzakirə olunub. Eyni zamanda Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2019-cu il ölkəmiz üçün uğurlu olub. Həm siyasi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar əldə edilmişdir. Büdcəyə vergi və gömrük orqanları vasitəsilə əlavə bir milyard manat vəsait daxil olub. Bu vəsait insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilib. Valyuta ehtiyatları 6,4 milyard dollar artaraq 52 milyard dollara çatıb. İşsizlik 5 faiz həddindədir. Ötən il Prezidentin təşəbbüsü ilə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə etmişdir. Minimum əməkhaqqı, minimum pensiyalar müntəzəm olaraq qaldırılmışdır. Minimum əməkhaqqının artırılması AHİK-in əsas müzakirə etdiyi məsələlərdən biridir. Ölkəmizin xarici borcları azalmaqdadır. Prezidentin apardığı islahatlar nəticəsində iqtisadiyyatımızın bütün sahələrində artım baş verib. Ölkəmizin liderliyi və təşkilatçılığı ilə qlobal layihələrin həyata keçirilməsi davam etdirilib. Azərbaycan dünya enerji təhlükəsizliyinin etibarlı təminatçılarından biridir. Ölkə Prezidentinin əsas məqsədi Azərbaycanda yoxsulluğun birdəfəlik ləğv olunmasıdır. Həmkarlar ittifaqları olaraq biz, Prezidentin qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsi prosesində var gücümüzlə çalışmalıyıq. Ünvanlı sosial yardımla əhatə edilən ailələrin sayının daha da artırılmasına nail olmaqdan ötrü dövlət başçısının göstərişi ilə mövcud metodologiyada düzəlişlər aparılıb. Məcburi köçkünlərə, şəhid ailələrinə keçən il 934 mənzil verilmişdi. Bu il isə onlar 1500 mənzil alacaqlar.

Ölkə Prezidentinin təşəbbüsünə qoşularaq Azərbaycan həmkarlar ittifaqları tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə     6 milyon manatdan artıq vəsait xərclənib. Sahə həmkarlar ittifaqları da bu məqsədlə müxtəlif tədbirlər həyata keçirib.

S. Möhbalıyev 1941-1945-ci illər II Dünya müharibəsində  Qələbənin 75 illiyinə hazırlıq və yubiley tədbirinin  keçirilməsi üzrə Azərbaycan həmkarlar ittifaqlarının tədbirlər planı haqqında da danışıb. Sahə həmkarlar ittifaqları tərəfindən II Dünya müharibəsinin  iştirakçısı olmuş şəxslərə diqqət və qayğının, maddi köməkliyin göstərilməsini tövsiyə edib.

Sonra AHİK-in Məclisinin və İcraiyyə Komitəsinin tərkibində qismən dəyişikliklər edilməsi barədə məsələyə baxılıb. AHİK sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fevralın 29-da  keçirilən növbədənkənar XVIII konfransında Anar İbrahimov quruma yeni sədr seçilib. Ümid edirik ki, onun gəlişi Naxçıvanda həmkarlar ittifaqlarının daha da inkişaf etməsinə təkan verəcək.

Onlayn iclas-müşavirədə digər məsələlər də müzakirə olunub, səsə qoyularaq qəbul edilib.

S.Möhbalıyev iclas-müşavirədə pandemiyanın qarşısının alınması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan, əhalinin infeksiyadan qorunmasına, milli iqtisadiyyata neqativ təsirlərin azaldılmasına yönələn kompleks tədbirləri diqqətə çatdırıb. Həmçinin həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifələr, atılacaq addımlar barədə geniş məlumat verib. Bildirib ki, başımızın üstünü alan bəlanın qəfil gəlişi  fəaliyyəti cəmiyyət həyatının bütün sahələrini əhatə edən Azərbaycan həmkarlar ittifaqlarını öz işini yeni tələblərə uyğun qurmağa məcbur etdi.

AHİK sədri qısa müddətdə həmkarlar ittifaqı orqanlarının həyata keçirdikləri tədbirləri nəzərə çatdırıb. Deyib ki, pandemiya ilə bağlı martın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında İcraiyyə Komitəsinin iclası oldu. İclasda qərara alındı ki,  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı cənab Prezident İlham Əliyevin qətiyyətli addımları dəstəklənsin, həyata keçirilən təxirəsalınmaz tədbirlər təqdir olunsun. Qeyd olundu ki, həmkarlar ittifaqı təşkilatlarının üzvləri də ölkə başçısının 19 mart tarixli  Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını yüksək qiymətləndirirlər. İclasda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait köçürmək qərara alındı. Digər bir qərarla AHİK Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün  100 min manat vəsait köçürmüşdür. AHİK ictimai nəzarətin həyata keçirilməsində, vətəndaş müraciətlərinin, təkliflərinin araşdırılmasında, ictimaiyyətin həssas təbəqəsi hesab edilən şəxslərə müxtəlif aspektlərdən dəstək göstərməsində Heydər Əliyev Fondunun sosial layihəsində iştirak etmək barədə qərar qəbul edib. Qərara uyğun olaraq, AHİK 1500 ailəyə maddi yardım məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 105 min manat vəsait köçürüb.

AHİK-in üzv və tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 10744 aztəminatlı ailəyə, yaşı 65-dən çox olan ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 590 min 900 manat məbləğində maddi və  ərzaq yardımı göstərilib. Həmkarlar ittifaqı təşkilatları karantin rejimində üzvlərinə 100 min manatlıq qoruyucu vasitələr  paylayıb. Pandemiyadan zərər çəkən vətəndaşlara maddi yardımlar edilib. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etmişlər. Həmkarlar ittifaqlarının ilk təşkilatlarından isə Fonda 352 min 500 manat vəsait köçürülmüşür. Bu qəbildən olan maddi və mənəvi yardımlar indi də davam etdirilir.

Millət vəkili daha sonra bildirib ki,   AHİK  tərəfindən respublikanın bütün bölgələrində üç mindən çox aztəminatlı ailəyə ərzaq sovqatlarının paylanması həyata keçiriləcəkdir. Ərzaq sovqatlarının tərkibi hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir. AHİK tərəfindən göstərilən bu yardımlardan əlavə,  sahə həmkarlar ittifaqları və ilk təşkilatlar da yerlərdə bu təşəbbüslərə geniş şəkildə qoşulmalıdırlar. 

Sədr diqqətə çatdırıb ki, AHİK-də keçiriləcək profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər barədə  məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə İdarəetmə Qrupu (Operativ Qərargah) yaradılıb. Pandemiya dövründə həmkarlar ittifaqı təşkilatlarının gördüyü işlər ümumiləşdirilməli, onlar barədə ictimaiyyətə məlumat verilməlidir.        

Səttar Möhbalıyev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu çətin günlərdə ölkə Prezidentinin yanında olmalı, xalqın, hər bir həmkarlar ittifaqı üzvünün, aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər. Hər bir həmkarlar ittifaqı təşkilatı,  həmkarlar ittifaqı orqanlarının rəhbərləri ölkə Prezidentinin qərarlarının yerinə yetirilməsində yaxından iştirak etməli, pandemiya şəraitində karantin məhdudiyyətlərinə hər kəs tərəfindən əməl edilməsi üçün işlər genişləndirilməli, aztəminatlı ailələrə, yaşlı insanlara maddi yardımların göstərilməsi işi daha da genişləndirilməlidir.

Ümumiyyətlə, demək istəyirəm ki, həmkarlar ittifaqları qədər insanlara yaxın olan ikinci bir ictimai təşkilat yoxdur. İl ərzində həyata keçirilən tədbirlər (müalicə və istirahətlə əlaqədar verilən yollayışlar, şəhid ailələri, müharibə veteranları, əlillər, imkansız ailələrə edilən maddi yardımlar, təhsil haqlarının ödənilməsi ilə bağlı köməkliklər və s. ) bizim nə qədər işlər gördüyümüzə dəlalət edir.

Eyni zamanda qeyd etməliyəm ki, Azərbaycan həmkarlar ittifaqlarına bizim dövlət başçısının göstərdiyi diqqət və qayğı heç bir ölkədə yoxdur. Həmkarlar ittifaqları ölkədə qanunların qəbul olunmasında fəal iştirak edir.

İşçilərin ixtisarına, işdən azad edilməmələri barəsində Prezidentin çağırışına qoşularaq həmkarlar ittifaqları daha aktiv olmalıdırlar. Pandemiyanın və bundan irəli gələn nəticələrin məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması məqsədilə bacardığımız qədər səy göstərməliyik. 

Müşavirənin sonunda AHİK sədri görülən işlərə görə bütün həmkarlar ittifaqı təşkilatlarına təşəkkürünü bildirib.

Azər MUSTAFAYEV