Son 15 ildə ölüm hadisəsi  qeydə alınmamışdır


Baxıldı : 45

Tarix : 2020-11-20 21:17:31



Noyabrın 13-də Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin nümayəndələrinə mükafatlar təqdim olunub.
Bu münasibətlə təşkil olunan mərasimdə Respublika Komitəsinin sədri Telman Hacıyev çıxış edib. O, xalqımızı Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbrik etdi.
Vətən müharibəsində döyüşlərdə həlak olan şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi.
Telman müəllim qalib müəssisənin tarixinə və fəaliyyətinə qısa ekskurs etdi. Bildirdi ki, bu müəssisə 1952-ci ildə yaradılmışdır. Müəssisə Bakı şəhərində küçələr, prospektlər, parklar və bina fasadlarının işıqlanma sisteminin istismarı ilə məşğul olur. İşıqlanma sistemləri elektrik dirəkləri, torşerlər, projektorlar, fasad işıqları və digər işıqlandırıcı qurğulardan ibarətdir.
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi 45 ünvanında yerləşir və tabeliyində 12 Texniki İstismar Rayonu, “Qəza Xidməti” və “Telemexanika Xidməti” vardır. Müəssisə hazırda 102196 ədəd işıq nöqtəsini istismar edir, bunlardan 70257 ədədi küçə və parkları, 31939 ədədi isə fasad işıqlarını əhatə edir.
Müəssisədə 299 nəfər işçi çalışır. Onlardan 31 nəfəri qadındır.
Müəssisəyə 18 yaşına çatmış və tibbi müayinədən keçmiş sağlam şəxslər işə qəbul olunur. İşə qəbul olunan işçilər təhlükəsizlik texnikası qaydalarına əsasən giriş təlimatından keçirlər.
Bir aydan sonra onların bilikləri yoxlanılaraq xüsusi jurnalda qeydə alınırlar.
Müəssisənin sahələrində elektrik dirəklərini kəsib çıxaran zaman avtokrandan istifadə edilir. Avtokranların sazlıq vəziyyəti ildə 1 dəfə Sənayedə İşlərin Təhlükəsizliyi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən yoxlanılır və onlar statik, dinamik sınaqlardan keçirilir. 
Elektrik avadanlıqlarının vəziyyəti mütəmadi olaraq paylayıcı qurğularda birləşmə naqillərinin boşluğu, kontaktordakı kontaktların qoşulub açılması, onun torpaqlanması və gərginliyin normal verilməsi məsələləri də daimi nəzarətdə saxlanılır.
Hər il olduğu kimi, bu ilin əvvəlindən də başlayaraq texniki əmək müfəttişliyi, həmkarlar ittifaqı komitəsinin əməyin mühafizəsi komissiyasının üzvləri müəssisənin bütün strukturlarında reydlər keçirmiş, yoxlamalar aparmışlar.
Kollektiv müqavilənin maddələrinə uyğun olaraq bütün işçilər xüsusi geyim, xüsusi ayaqqabı və mühafizə vasitələri ilə təmin edilmişlər.
Sanitar-məişət otaqları norma və qaydalara uyğunlaşdırılmışdır. Əlavə olaraq 30 asılqanlı qarderob, duşxana və sair sanitar-məişət qurğuları inşa edilmişdir.
2019-2020-ci illərdə bütün heyət icbari sığorta olunmuşdur.
“Bakı Şəhər İşığı” EŞM-in Həmkarlar İttifaqı Komitəsi ilin əvvəlindən təkcə əməyin mühafizəsi üzrə 6 məsələyə baxıb. Bu mövzuda seminar keçirib.
Seminarda 40 nəfər işçi və həmkarlar ittifaqı fəalı iştirak edib.
T.Hacıyev onu da qeyd etdi ki, həyata keçirilmiş təsirli tədbirlərin və ciddi nəzarətin nəticəsində “Bakı Şəhər İşığı” EŞM-də son 15 ildə ölümlə nəticələnən bədbəxt hadisə baş verməmişdir.
Tədbirdə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin baş mühəndisi Araz Paşayev, HİK sədri Nigar Quliyeva, mühəndis Vaqif Tağızadə və AHİK-in mütəxəssisi Mürvət Mehrabov iştirak etmişlər.