Son iki ayda iki böyük uğur qazanılıb


Baxıldı : 29

Tarix : 2018-11-08 06:57:11


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi “Azedu.az” təhsil portalının 12 ali təhsil müəssisəsi arasında keçirdiyi “Azərbaycanda hansı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi daha aktiv fəaliyyət göstərir?” sorğusunun nəticələrinə əsasən I yeri tutub. Həmçinin ADPU-nun tələbələri Azərbaycan Respublikasının Gənclər Fondunun keçirdiyi 11-ci qrant müsabiqəsində 6 qrant layihəsini qazanıblar. Bu münasibətlə oktyabrın 31-də ADPU-da tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri, ictimai təşkilatların nümayəndələri, fəal tələbələr iştirak ediblər.

Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tələbə Həmkarlar İttifaqı Komitəsini və qrant layihələrini qazanan tələbələri təbrik edərək onlara təhsildə və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Rektor qeyd edib ki, bu gün universitetimizin kollektivinin həyatında xoş və sevincli bir gündür. Son iki ayda ADPU iki böyük uğur qazanıb. “Azedu.az” təhsil portalının və “Məktəbguşəsi.az”saytının keçirdiyi müvafiq sorğuların nəticələrinə əsasən, ADPU və onun nəzdində olan Azərbaycan Dövlət Pedaqoji Kolleci I yeri tutub. Bu uğurlar bizi çox sevindirir və qarşımıza qoyduğumuz hədəf və məqsədlərə çatmağımıza səmərəli təsir göstərir.

ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vurğun Məmmədov çıxışında təmsil etdiyi təşkilatın fəaliyyəti və gələcəkdə həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, tələbələr Lamiyə Rzayeva, Ləman Vəliyeva, Nərmin Əhmədova, Xaliq Abbasov, Şıxməmməd Şıxməmmədov qazandıqları qrant layihələri haqqında danışıblar.

Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov, professorlar Fikrət Rzayev, Fərrux Rüstəmov, dosentlər Şahin Pənahov, Yusif Alıyev çıxış edərək tələbə-gənclərin qrant layihələri ilə bağlı fəaliyyətlərinin təkmilləşdirilməsi, layihələrin tədris prosesinə tətbiqi və digər vacib məqamlar barəsində öz fikir və mülahizələrini bölüşüblər.