Son illər talassemiya xəstələrinin sayı azalıb


Baxıldı : 950

Tarix : 2016-11-23 16:09:35


Respublikamızda qan xəstəliklərinin müalicəsi istiqamətində son illər ciddi addımlar atılır. Bu xəstəlikdən əziyyət çəkənlərin müayinə və müalicəsinə diqqətin artırılması təkcə paytaxtda deyil, regionlarda da hiss olunmaqdadır. Qan xəstəlikləri arasında talassemiya daha geniş yayılıb. Onun tam və qismən aradan qaldırılması üçün respublikamızda hansı işlər görülür? Bu və digər suallarımızı Respublika Talassemiya Mərkəzinin direktor müavini Ceyhun Məmmədov cavablandırır.- Ceyhun həkim, Mərkəz artıq 6 ilə yaxındır fəaliyyət göstərir. Bu müddətdə hansı uğurlar əldə olunub?- Talassemiya irsi qan xəstəliyi olduğundan daha çox valideynlərdən övladlarına keçir. Əgər ailə quran hər iki gənc talassemiya daşıyıcısı olarsa, uşaqların bu xəstəlikdən əziyyət çəkməsi ehtimalı daha böyükdür. Bu xəstəlikdən əziyyət çəkənlərin çoxluğu səbəbindən 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən \ Talassemiyasız həyat naminə\ layihəsi başlanıldı. Layihədə əsas məqsəd cəmiyyətdə talassemiyanın həllolunmaz problem olmadığını göstərmək, xəstələrə qayğı və diqqəti əsirgəməmək idi. İlk illərdə talassemiyalı xəstələrin qanla təminatı üçün böyük işlər görüldü. 2009-cu ildə isə Respublika Talassemiya Mərkəzi açılaraq bu xəstəlikdən əziyyət çəkənlərin istifadəsinə verildi. Həmin vaxtdan indiyədək mərkəzdə xeyli irəliləyişlər əldə olub. Bu da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Səhiyyə Nazirliynin dəstəyi ilə mümkün olub. Nəzərə alsaq ki, talassemiya xəstələrinin müalicəsinə çəkilən xərclər milyonlarla ölçülür, onda xəstələrin dövlət hesabına müalicəsinin nə demək olduğu aydın görünər. Talassemiya xəstələrinə ayda ən azı bir dəfə qan komponenti köçürülür. Uzunmüddətli qan köçürüldükdən sonra isə bədəndə yığılan dəmirin xaric olunması üçün dərmanlar tələb olunur. Bütün bu dərmanlar da dövlət tərəfindən pulsuz olaraq xəstələrə verilir. Həmçinin talassemiya xəstələrində müalicə zamanı əlavə problemlər yaranarsa, onlar da dövlət tərəfindən pulsuz müalicə edilir. Bundan başqa, talassemiya xəstələrinin müalicəsi ilə bağlı ayrıca dövlət proqramı var. - Hazırda mərkəzdə talassemiya xəstələrinin stasionar müalicəsi aparılırmı?- 2010-cu ildən Respublika Talassemiya Mərkəzinin stasionar şöbəsi fəaliyyət göstərir. Əvvəllər xəstələr yalnız müayinə olunub və qan köçürülməsi üçün müraciət edirdilərsə, indi ehtiyac yarandıqda onlar stasionar müalicə də ala bilirlər. Bu müalicə də tam olaraq dövlət tərəfindən həyata keçirilir. Hazırda 30 çarpayılıq şöbədə müalicə alan hər kəs pulsuz dərmanlarla təmin edilir.- Respublikamızda talassemiya xəstələrinin statistikası ilə bağlı dəqiq bir rəqəm varmı?- Talassemiyadan əziyyət çəkənlərin heç də hamısı talassemiya xəstəsi hesab olunmur. Ümumilikdə əhalinin təxminən 7-10 faizi talassemiya daşıyıcısıdır. Amma indiyədək talassemiya xəstəliyindən əziyyət çəkən 3700 nəfər Respublika Talassemiya Mərkəzində qeydiyyata alınıb. Onlar arasında mərkəz açılmamışdan öncə bu xəstəlik aşkar olunan şəxslər də var. - Talassemiyadan əziyyət çəkənlərin yaş qrupları necədir?- Yaş qrupları müxtəlifdir. Son illər talassemiya xəstəliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində də ciddi işlər həyata keçirilib. Bunun nəticəsidir ki, son illər dünyaya gələn yeni talassemiya xəstələrinin sayı azalıb. Buna baxmayaraq, milli mentalitetdən irəli gələn bəzi məqamlar var ki, bu da xəstəliyin qarşısının tam alınmasına mane olur. Bəzən yeni ailə quranlar bilirlər ki, bu nikahdan doğulanların talassemiya xəstəsi olması ehtimalı böyükdür, amma onlar nikaha girirlər. - Talassemiya xəstəliyindən əziyyət çəkənlərin daha çox yaşadığı bölgələr hansılardır?- Ölkənin bölgələri arasında elə də ciddi fərq yoxdur. Amma nisbətən şimal-qərb bölgəsi, Qəbələ, İsmayıllı, Qax, Şəki ərazisindən müraciət edənlərin sayı daha çoxdur. Cənub zonası - Lənkəran-Astara bölgəsindən müraciət edənlərin də sayı digər bölgələrə nisbətən çoxdur. Amma bütün bölgələrdə maarifləndirmə istiqamətində tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyinin əməkdaşları, müalicə həkimləri mütəmadi olaraq regionlara səfər edərək əhali ilə söhbətlər aparır. Həmçinin əvvəllər talassemiyadan əziyyət çəkənlər qan köçürülməsi üçün də paytaxta gəlməli olurdular. Bu isə əhaliyə həm əlavə əziyyət verir, həm də vaxt itkisinə səbəb olurdu. İndi isə paytaxtla yanaşı, bölgələrdə də talassemiya xəstələrinin müalicəsi keyfiyyətli aparılır. İnsanlar Mərkəzi Qan Bankının regional şöbələrinə müraciət edərək lazımi köməklik ala bilirlər. - Respublika Talassemiya Mərkəzinin fəaliyyət göstərdiyi müddətdə ölüm faktı qeydə alınıb?- Talassemiya xəstələrinə qayğının az olduğu illərdə ölüm faizi daha yüksək idi. İndi desək ki, ölüm faktı qeydə alınmır, bu da doğru olmazdı. Hazırda da talassemiyadan ölüm faktı var. Amma son illər bu fakı nəzərəçarpacaq dərəcədə azalıb. Bunun da bir sıra səbəbləri var. İlk öncə talassemiya xəstələrinə köçürülən qan komponentlərinin keyfiyyəti xeyli yaxşılaşıb. Dövlətin bu kateqoriyadan olan xəstələrin müayinə və müalicəsinə diqqətinin həddindən artıq artmasını da yaddan çıxarmaq olmaz. Ən nəhayət, talassemiyanın müalicəsi üçün tələb olunan bütün yüksək keyfiyyətli dərmanların xəstələrə pulsuz verilməsi də ölüm faktlarının azalmasına səbəb olub. Çünki əvvəlki illərdə əsas problemlərdən biri qan köçürülməsi zamanı orqanızmə yığılan dəmirin bədəndən xaric edilməsi idi. Amma hazırda bunun üçün ən yüksək keyfiyyətli dərmanlardan istifadə olunur. Amma, təəssüflər olsun ki, bəzən talassemiya xəstələrində olan ürək, qaraciyər və digər problemlər də ölüm riskini artırır.- Artıq bir ildən çoxdur ki, Respublika Talassemiya Mərkəzində sümük iliyinin transplantasiyası əməliyyatı aparılır. Nəticələr qaneedicidirmi?- 2013-cü ildən respublikamızda talassemiya xəstəliyinin radikal müalicəsi, yəni sümük iliyinin transplantasiyasına start verildi. 2014-cü ilin may ayından bu günə qədər artıq 18 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatını uğurlu bir formada keçirmişik. Bu ilin əvvəlindən isə 8 əməliyyat aparmışıq. İndiyədək aparılan əməliyyatlardan yalnız 4-də sonradan sümük iliyinin qırılması halı qeydə alınıb. Digər ölkələrlə müqayisə etsək, nəticələr uğurludur. Sümük iliyinin transplantasiyası xarici ölkələrdə çox maddi xərc tələb edən bir əməliyyatdır. Bizim mərkəzdə isə bu əməliyyatlar dövlət hesabına keçirilir. - Mərkəzdə yalnız talassemiyadan əziyyət çəkənlər üçün sümük iliyinin transplantasiyası əməliyyatı aparılır, yoxsa digər qan xəstələri də müraciət edə bilər?- Əsas ağırlıq talassemiya xəstələrinin üzərinə düşür. Amma donor olarsa, digər qan xəstələri üçün də sümük iliyinin transplantasiyası əməliyyatı aparıla bilər. Leykoz xəstələrindən də xeyli müraciətlər var və bir neçə xəstə də əməliyyat olunub. Bu əməliyyatlar da dövlət büdcəsi vəsaiti hesabına edilir. Amma əməliyyatlarla bağlı son qərarı müvafiq komissiya verir.Xalid AZƏR