Son illər aparılan islahatlar Azərbaycanın dünyanın ən ədalətli və real hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə səbəb olub


Baxıldı : 55

Tarix : 2018-11-03 05:16:09


Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın adının 10 ən islahatçı ölkə sırasında çəkilməsi gözlənilən idi. Uzun illərdir ki, sərhədlərimizdən kənarda da Respublika Prezidenti cənab İlham Əliyev islahatçı dövlət başçısı kimi tanınır. Dünyanın maliyyə böhranı girdabında çapaladığı, siyasi məqsədlər naminə neftin qiymətinin aşağı həddə endirildiyi çətin vaxtlarda belə Azərbaycan iqtisadiyyatının sabitliyini qoruyub saxlaya bilmişdi. Böhranlardan ən az itkilərlə çıxmışdıq. Cənab İlham Əliyevin çevik qərarları, təşəbbüsləri, müdrik siyasəti sayəsində ölkəmizdə iqtisadi sabitlik artan iqtisadiyyata çevrildi. Yeni sənaye parkları salındı, ölkəmiz iri beynəlxalq layihələrə həmmüəlliflik etdi, kənd təsərrüfatı, demək olar ki, yeni həyatına qədəm qoydu. Bütün bunların təməlində dünyanın ən yaxşı təcrübəsinə əsaslanan və Azərbaycan mühitinə uyğunlaşdırılaraq reallaşdırılan islahatlar dururdu.

Dövlət başçımızın iqtisadi siyasətində sahibkarlığın inkişafına dəstək mühüm yer tutur. Sahibkarlıqda inkişafa nail olmaqdan ötrü biznes mühitində yeniliklər tətbiq olundu. Xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkəsinə qoşulma, maliyyə mənbələrinə çıxış asanlaşdırıldı.

Aparılan kompleks iqtisadi islahatlar bir sıra nüfuzlu beynəlxalq reytinqlərin, eləcə də “Doinq Business”in hesabatının indikatorlarını əhatə edir. Ötən il və bu ilin ilk 4 ayında bu hesabat üzrə 30-a yaxın normativ-hüquqi akt qüvvəyə minmişdir. 70-dən çox islahat tədbiri həyata keçirilmişdir. Bu göstərici dünyanın əksər ölkələri, o cümlədən inkişaf etmiş ölkələrin bir çoxu üçün mümkünsüz olub. Hesabatda müəyyənləşdirilən siyahıda da bu öz əksini tapır. Azərbaycan 10 islahatçı dövlət siyahısına salınıb. Ötən illə müqayisədə ölkəmiz 32 pillə irəliləyib. 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. MDB ölkələrinin hamısını geridə qoyub.

Ən yüksək nailiyyət “Tikinti üçün icazənin alınması” və “Kreditlərin alınması” indikatorlarında qazanılıb. Bu göstəricilərin hər biri üzrə 100 pillə irəliləyib. “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməni də böyük uğur saymaq olar. Ümumiyyətlə, 10 indikatordan 8-i üzrə irəliləyiş qeydə alınıb.

“Doing Business 2019” hesabatında ölkəmiz barədə deyilənləri iftixar hissi keçirmədən oxumaq mümkün deyil. Hesabatda yazılır: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycanı ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq 8 sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.

Bu, dünyada ən etibarlı reytinq göstəricisindən götürülmüş qeydlərdir. Bu o hesabatdır ki, onun hazırlanması prosesində bir çox qurumlar iştirak edir.

“Doinq Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. İslahatlar ayrı-ayrılıqda yerindəcə, xüsusi ekspertlər missiyası tərəfindən yoxlanılır. Müvafiq meyarlarla araşdırılır. Yalnız bundan sonra həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanır və siyahıda yerlər müəyyənləşdirilir.

Respublikamızın Prezidenti hörmətli İlham Əliyevin yorulmaz fəaliyyəti, dünyanın müxtəlif ölkələri, o cümlədən qonşu ölkələrlə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi sahəsində atdığı addımlar, bölgələrimizə müntəzəm səfərləri, qeyri-neft sektorunun inkişafına dair islahatları genişləndirməsi növbəti illərdə beynəlxalq reytinqlərin, eləcə də “Doinq Business”in hesabatlarında Azərbaycan yeni rekord nəticələrin müəllifi kimi qeyd ediləcək.

İqtisadiyyatımızın sürətlə inkişafı, həmkarlar ittifaqı təşkilatı olaraq, bizim üçün çox vacibdir. İqtisadi inkişaf əhalinin firavanlığı, yeni iş yerləri deməkdir. Ona görə də təşkilatımız islahatların həyata keçirilməsində fəal iştirakçı mövqe tutub. Bundan sonra da iqtisadi siyasətin reallaşdırılması prosesində öncüllər sırasında olacağıq.