Son illərdə həyata keçirilən tədbirlər xüsusi qiymətləndirilib


Baxıldı : 51

Tarix : 2017-10-14 05:20:08


Oktyabrın 12-də "Bakı Metropoliteni" QSC-nin akt zalında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) IV hesabat-seçki konfransı keçirilib.

Konfransda MİHİ-nin sədri Arif Mərdanov hesabat məruzəsi ilə çıxış edib. O, hesabat məruzəsində həmkarlar ittifaqının  2012-2017-ci illərdəki fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, ötən müddət ərzində hər bir metropolitençinin etimadını doğrultmağa çalışmışıq və bu sahədə nailliyyətlərimiz də var, bir sıra uğurlu sosial layihələr həyata keçirmişik. İlk növbədə işçilərimizin həm ölkə xaricində, həm də ölkə daxilində istirahəti, asudə vaxtlarını səmərəli keçirməsi üçün  xüsusi layihələr təşkil olunub. "Bilgəh" sanatoriya-profilaktoriyası və istirahət zonası tamamilə yenidən təmir olunaraq istifadəyə verilib.

Metropolitençilər ölkə bədən tərbiyəsi və idman hərəkatının da fəalları cərgəsindədirlər. Komandalarımız müxtəlif turnirlərlə yanaşı , "Zenit" İdman Cəmiyyətinin xətti ilə hər il Müstəqillik Günü münasibətilə təşkil edilən spartakiadanın daimi iştirakçısıdır və hətta ümumkomanda hesabında qalib də olublar.

Ötən dövrün fəxrlə qeyd edəcəyimiz sosial-məişət layihələri sırasında müəssisənin müxtəlif məkanlarında təşkil edilən yeməkxanalarda nahar yeməyinin xüsusi güzəştli qiymətlərlə təklif edilməsidir. Xərclərin 52 faizini MİHİ öz üzərinə götürüb.

Metropolitençilər  mədəni-kütləvi, sosial tədbirlərdə də fəallığı ilə seçiliblər.

Hər il 8 Noyabr-Metropoliten İşçilərinin Peşə Bayramı Günü ərəfəsində "İlin ən yaxşı qatar maşinisti" müəyyən edilir və MİHİ tərəfindən mükafatlandırılır. Bu da maşinistlərimizin daha da böyük səylə və stimulla çalışmasına, digərlərinə nümunə olmasına xüsusi təsir edir. 

Hİ sədri diqqətə çatdırıb ki, hazırda metropolitendə 6355 işçi var, onlardan 4753 nəfəri kişi, 1602 nəfəri isə qadındır. Müəssisədə 2016-cı ildə əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb.

Metropolitendə əməyin təşkilində əldə olunan nailiyyətlərdə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikası üzrə işlər xüsusi qeyd olunmalıdır. Bunun nəticəsində istehsalatda xəsarət halları nadir hallarda baş verir. QSC sədrinin əmri ilə yenidən qurulan Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Şöbəsinin vəzifə və səlahiyyətləri bütün sahələrdə iş prinsiplərini optimallaşdırmaq, işçilərin sağlamlığını və onların sağlam əmək şəraitində çalışmasını qabartmaq, təhlükəsizlik texnikasına diqqəti artırmaq, yeni texnologiyaların tətbiqi ilə əmək şəraitini asanlaşdırmaqdır.

Hərəkət Təhlükəsizliyi üzrə İctimai Müfəttişlər qrupları metropoliten işçiləri üçün əsas tələb olan təhlükəsizliyin təminatında, eləcə də sərnişinlərə mədəni xidmət səviyyəsinin artırılmasında özünəməxsus rol oynayırlar.

MİHİ beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində də əhəmiyyətli işlər görür. 2017-ci ilin aprelində Avropa Beynəlmiləl İctimai Xidmət Birliyinin (EPSU), may ayında isə Beynəlmiləl İctimai Xidmət Təşkilatının (PSİ) üzvü seçilmişik.

Arif Mərdanov bu il Bakı metrosunun 50 illiyinin qeyd olunduğunu və ötən illərin ən sevimli, təhlükəsiz və etibarlı ictimai nəqliyyat vasitəsinə çevrilməsində yorulmaz, fədakar metropolitençilərin əməyini yüksək qiymətləndirib. 

Mandat və nəzarət-təftiş komissiyalarının hesabatı dinlənildikdən sonra müzakirələrə başlanılıb. Məruzə ətrafında çıxışlarda Hİ-nin və üzv təşkilatların hesabat dövründəki fəaliyyəti bütövlükdə qənaətbəxş dəyərləndirilib.

Təklif olunub ki, AHİK-in gələn il keçiriləcək V qurultayında Səttar Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülsün və dəstəklənsin. Təklif konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Konfransda çıxış edən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev metropolitendə son illərdə həyata keçirilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı tədbirləri xüsusi qiymətləndirib.  Bu təşəbbüsü təqdirəlayiq hesab edən AHİK sədri digər respublika komitələri ilə birlikdə müvafiq dövlət qurumları qarşısında bunun vacib məsələ kimi qaldırılacağını bildirib. S.Möhbalıyev deyib ki, həm metropoliten rəhbərliyinin, həm də həmkarlar ittifaqının işçilərin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təşkili və müalicə olunmaları üçün göstərdiyi diqqət  və qayğı xüsusi qeyd olunmalıdır. Bütün bunlar isə birgə əməkdaşlığın sayəsində mümkün olub.

AHİK sədri qeyd edib ki, istənilən müəssisədə təhlükəsiz əmək şəraitinin yaradılması əmək məhsuldarlığına nail olunmasına gedən yolda başlıca vasitələrdən biridir. Digər bir vasitə isə işçilərin sağlamlığının mühafizəsi və istirahətinin təşkilidir. Bu mənada Bilgəh qəsəbəsindəki eyni adlı sağlamlıq mərkəzi metropolitençilərin sosial-mədəni istirahətinin təmin edilməsi baxımından əvəzsiz rol oynayır. İşçilərin əmək şəraitinin yüksəldilməsi, məhsuldarlığın artırılması, sıx kollektivçilik ənənələrinin formalaşması baxımından bu sanatoriya-profilaktoriyanın rolu danılmazdır.

S.Möhbalıyev bəzi sahə həmkarlar ittifaqlarının özlərinə məxsus sanatoriya və istirahət mərkəzlərinin olduğunu, yenilərinin tikildiyini də diqqətə çatdırıb: "Bu gün AHİK-ə məxsus sanatoriyaların çox hissəsi müasir standartlara uyğun şəkildə təmir olunaraq istifadəyə verilib. Digərlərinin də yenilənməsini qarşıdakı illərdə həyata keçirəcəyik".

Millət vəkili deyib ki, son illər  Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyət göstərməsi üçün bütün qanunlar, normativ-hüquqi sənədlər qəbul olunub. Və bu da həmkarlar ittifaqlarının nüfuzunun və say tərkibinin artmasına xidmət edir. Eyni zamanda Əmək Məcəlləsinə edilən dəyişikliklər işçilərin hüquqlarının qorunmasına yönəlib.

Çıxışının sonunda yeni seçilən heyətə öz tövsiyələrini verib. Səttar Möhbalıyev "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynova “Həmkarlar ittifaqlarında xidmətə görə” medalını təqdim edib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov ötən dörd il ərzində metropoliten sahəsində görülən işləri diqqətə çatdırıb. AHİK sədrinə yüksək qiymətinə və təltifinə görə minnətdarlığını bildirərək hələ qarşıda kollektivin daha böyük nailiyyətlər əldə edəcəyinə əminliyini ifadə edib. Bunun üçün gərgin əməyin deyil, həmçinin bütün kollektivin birgə və həmrəyliyinin əhəmiyyətini vurğulayıb. Gələcəkdə də metropolitenin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Sonda təşkilati məsələyə baxılıb. Arif Mərdanov  Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri seçilib.

Konfransın sonunda metropolitendə uzunmüddətli əmək fəaliyyətinə, Metropoliten İşçiləri Həmkarlar İttifaqının işində fəal iştirakına görə bir sıra şəxslər MİHİ-nin fəxri fərmanına və qiymətli hədiyyələrə layiq görülüblər.

Azər MUSTAFAYEV