Son nəticə insan amilidir


Baxıldı : 43

Tarix : 2018-09-08 03:13:39


Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində Nazirlər Kabinetinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” qərarına edilmiş dəyişikliklər” mövzusunda seminar keçirilmişdir.

 

 

Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov demişdir ki, bu dəyişikliklərə uyğun olaraq işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən, təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsait hesabına ödənilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi Şöbəsinin mütəxəssisi Nadir Muradov bildirdi ki, Nazirlər Kabinetinin qərarına əsasən, zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi, peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq, aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyətini bərpa olunanadək, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.

 

Seminarda Respublika Komitəsinin aparat rəhbəri Vaqif Məhərrəmov, baş texniki əmək müfəttişi Əliş İbrahimov, “Bakı Tikiş Evi” ASC-nin HİK sədri Sevinc Haqverdiyeva, Nərimanov, Nizami, Suraxanı rayon BHİ Komitəsinin sədri İsgəndər Cabbarov, “Sədərək” firmasının HİK sədri Sabir Ələkbərov, “Sumqayıt Lift Servis”in Hİ Komitəsinin sədri Ramiz Mustafayev çıxış edərək bildirdilər ki, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə hər cür yardım göstərilməlidir. Fəaliyyətimizin  hər bir məqamında bu bizim ən mühüm göstəricimizdir.

 

Əhəd İbadov