Son üç ildə 84 naməlum pulsar aşkar ediblər


Baxıldı : 52

Tarix : 2019-07-08 07:05:20


Çinin cənub-qərbindəki Quyçjou əyalətindəki apertura ilə işləyən 500 metrlik FAST sferik radioteleskopunda çalışan alimlər onun 2016-cı ildə quraşdırılmasının başa çatmasından ötən üç il ərzində 84 naməlum pulsar (elektromaqnitik radiasiya şüası yayan yüksək maqnitləşmiş böyük sürətlə dönən neytron ulduzu) aşkar ediblər. Sinxua agentliyinin xəbərinə görə, bu məlumatı FAST-ın baş mühəndisi Tszyan Pen verib.

Pulsarların şüaları Yer kürəsinə fasilə ilə çatır. Onların müşahidəsi isə qravitasiya şüalanmasının, “qara dəliklərin” və kosmosdakı digər obyektlərin mövcudluğunu təsdiq etmək üçün istifadə olunur. Bu parlaq şüalar yalnız Çində olan 500 metrlik apertura ilə dolu və böyük diametrli FAST radioteleskopu ilə aydın görünür. FAST-ın baş mühəndisi Tszyan Penin sözlərinə görə, onun fəaliyyəti kainatın təkamülünü daha yaxşı öyrənməyə də imkan verir.