Sosial dialoqdan imtina şirkətin etibarını zədələyəcək


Baxıldı : 149

Tarix : 2018-01-12 22:42:27


 

“LafargeHolcim” sement şirkətinin həmkarlar ittifaqı təşkilatı ilə münasibətlərdə aldığı radikal qərar etirazlara səbəb olub. Şirkətin 2017-ci ilin yekunlarına dair yeni rəhbərliyin keçirdiyi toplantıda 2018-ci ilin iş  strategiyasında  bu ilin yanvarında sendikalarla imzalanması planlaşdırılan Qlobal Çərçivə Sazişi barədə  bənd yer almayıb. Daha öncə Beynəlxalq Əmək Təşkilatı (BƏT),  İndustriALL Qlobal İttfaqı,  İnşaat İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı (İİBHİ) ilə Qlobal Çərçivə Sazişi barədə prinsiplərdə anlaşma əldə olumuşdu. “LafargeHolcim” sektorda ən aşağı sağlamlıq və təhlükəsizlik göstəricilərinə sahib olsa da, ötən ilin dekabrın 22-də həmkarlar ittifaqı təşkilatları ilə dialoq və razılaşmaların nəzərə alınmayacağı bildirilib.

Yanvarın 9-da Cenevrədə BƏT, İndustriALL  Qlobal  İttifaqı, İİBHİ məsələ ilə bağlı təşkil edilən toplantıda şirkətin münasibətləri təktərəfli ləğv etməsi narazılıqla qarşılanıb. Beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının vəziyyətlə bağlı mövqeyi  iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, nəzərdə tutulan Sazişin imzalanmaması  orada çalışanların istismarına, iş qəzalarının artmasına şərait yaradacaq.

İndustriALL-ın baş katibi Valter Sançez şirkətin əməkdaşlıqdan imtina qərarına münasibət bildirərkən deyib ki, tərəflər arasında sosial dialoqun ləğvi “LafargeHolcim”in sektorda etibarını zədələyəcək.

İİBHİ-nin baş katibi Ambet Yuson  dedi ki, sement təhlükəli bir sənaye sektorudur.  İş qəzalarına qarşı yetərli tədbirin görülməməsi və hər hansı problem zamanı şirkətin müvəqqəti çalışana yönəlməsi düzgün seçim deyil. Bu kimi hallarda biz vəziyyətə müdaxilə etməliyik. Sosial dialoq bərpa olunmasa, gələcəkdə ən adi anlaşılmazlıq tətil və aksiyalarla müşayiət olunacaq.

 Cavid SƏFƏROV