Sosial-iqtisadi dəyişikliklərin yaratdığı problemlər müzakirə olundu


Baxıldı : 38

Tarix : 2017-09-23 00:52:46


Kauçuk sənayesi işçilərinin həmkarlar təşkilatları ABŞ-ın Pittsburq şəhərində yerləşən Metal İşçiləri Birliyinin (MİB) qərargahında beynəlxalq konfransını keçiriblər. 18 ölkədən 80-dən çox iştirakçının qatıldığı tədbir İndustriALL Qlobal İttifaqı tərəfindən təşkil edilib.

Açılışda çıxış edən MİB-in beynəlxalq əlaqələr üzrə katibi Stan Conson bəzi problemlərlə üzləşsələr də, buna qarşı birlikdə mübarizə aparacaqlarını deyib. O bildirib ki, 4 il öncə Macarıstanda təşkil olunan  beynəlxalq konfransdan bu yana insanların sosial-iqtisadi həyatında baş verən dəyişikliklər kauçuk sənayesində çalışanlara təsirini göstərib: "Qlobal bərabərsizlik  artır, işçilərin hüquqlarının və sağlamlıqlarının qorunmasında çətinliklər yaşanır".

Panelə qatılan ABŞ, İngiltərə, Braziliya, Cənubi Afrika və Yaponiyadan nümayəndələr sənayenin inkişafının sektordakı həmkarlar təşkilatının fəaliyyətinə təsirindən söz açdılar. Bütün ölkələrdə birliklərin eyni problemlərlə üzləşdiyi bildirildi. Həmkarlar ittifaqlarının hesabatlarında əsasən devalvasiya, ucuz və təhlükəli məhsulların bazarda özünə yer tutması iqtisadi və siyasi krizlər kimi, üzləşilən çətinliklərə yer verildi.

Braziliyadan "Caucho-FS" həmkarlar təşkilatının katibi Maurisio Ferrera kauçuk-rezin sənayesində həmkarlar ittifaqlarının birləşərək işəgötürən təşkilatlarla aparılan danışıqlar və verilən mübarizə barədə danışdı.

İki gün davam edən paneldə iştirakçılar Stan Consonun təkrar katib seçilməsi üçün səs verdilər.

İndustriALL Qlobal İttifaqının baş katibinin köməkçisi Kamal Özkan Macarıstanda keçirilən son konransdan bu günə qədər görülən işlərə münasibər bildirib. O, yaradılacaq işçi qrupunun tərkibində qadın və gənclərin olmasının üzv olduğu qurum tərəfindən dəstəkləndiyini vurğulayıb.

 Cavid SƏFƏROV