Sosial-iqtisadi inkişafın təminatı


Baxıldı : 63

Tarix : 2018-01-19 19:41:37


 

“Təcrübə göstərir ki, mövcud problemlərin həlli sosial dialoq vasitəsilə daha asan və səmərəli olur”

AHİK-in IV qurultayına hesabat məruzəsindən

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial tərəfdaşları ilə konstruktiv dialoq qurmağa, sosial-əmək münasibətlərinin yeni sisteminin formalaşması işinə əhəmiyyətli töhfələr verməyə çalışır. Əməkdaşlığın əsasını hər şeydən əvvəl iki il müddətinə bağlanan Baş Kollektiv Saziş təşkil edir. Lakin beynəlxalq təcrübə və Baş Kollektiv Sazişin tam icrası tələbi daimi fəaliyyət göstərən və problemli məsələləri kompleks şəkildə həll etmək səlahiyyətinə malik olan bir orqanın yaradılması zərurətini meydana çıxardı. Buna görə də Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü ilə respublikamızda sosial və iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın yaradılması məsələsi qaldırıldı. Komissiyanın yaradılması haqqında bütün sənədlər AHİK-də hazırlanıb. Sosial tərəfdaşlarla razılaşdırılıb,onların da təklifləri nəzərə alınıb. Bu işlərin yekunu olaraq 2016-cı il sentyabrın 30-da Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında birgə qərar imzalanıb. Üçtərəfli Komissiyanın yaradılması sosial-iqtisadi inkişafın təmin olunmasında sosial partnyorların fəaliyyətinin daha sıx formada əlaqələndirilməsinə, işçilərin və işəgötürənlərin hüquqlarının yüksək səviyyədə təmin olunmasında birgə və səmərəli fəaliyyətin qurulmasına əsas verir. Komissiyanın vaxtaşırı keçirilən iclaslarında “Müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydalar”ın layihəsi, “Əmək qanunvericiliyinə dövlət və ictimai nəzarətin gücləndirilməsi üzrə əlavə profilaktik tədbirlərə dair təkliflər”, “İşəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin olunması vəziyyəti və problemlər” və sair məsələlərə baxılıb. Azərbaycanda sosial dialoqu gücləndirmək, onu beynəlxalq normalara uyğunlaşdırmaq məqsədilə AHİK-də “Sosial tərəfdaşlıq haqqında” qanun layihəsi hazırlanıb. Bu qanun layihəsinin daha da genişləndirilərək ora əlavə maddələrin də daxil edilməsi nəzərdə tutulub. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və eyni zamanda AHİK-də də müəyyən işlər görülüb. Çox güman ki, cari ildə Milli Məclisdə bu əlavələr və dəyişikliklər qəbul olunacaq.

 Azər MUSTAFAYEV