Sosial mediada çalışan qadınların 43 faizi cinsi istismara məruz qalır


Baxıldı : 135

Tarix : 2019-11-25 05:05:51


Beynəlxalq Jurnalistlər Federasiyası ( BJF) sosial mediada çalışan qadın jurnalistlərin trollinqinə məruz qalmasına qarşı təlimlatlar hazırlayıb. Federasiyadan bildirilib ki, aparılan sorğuya əsasən, sosial mediada qadınların 43 faizi cinsi istismara, hədə və təzyiqlərə məruz qalır. Onların 53 faizi jurnalist, 47 faizi media bloggerləridir. Həmçinin bildirilir ki, məsələ ilə bağlı polisə müraciətlərin 2/3-i barədə heç bir tədbir görülməyib.

BJF həm media qurumlarına, həm həmkarlar ittifaqı təşkilatlarına bu məsələdə tədbir görulməsi üçün dəstək tələb olmasını istəyib. Bildirilib ki, media orqanları qadın işçilərinin trollinq və təzyiqlərdən qorunma mexanizmini təmin etməlidir. İşçilərə bununla bağlı təlimlər keçirilməli, onlar rəqəmsal təhlükəsizlik barədə məlumatlandırılmalıdır. Xanım jurnalist təhqir və təzyiq xarakterli bir şərhlə qarşılaşdıqda hansı addımın atılmalı olduğunu və hüquqlarını bilməlidir. Həmçinin media qurumu məsələnin rəsmi araşdırılması və bu kimi halları törədənlərin hökumət tərəfindən cəzalandırılmasına cavabdehliyi öz üzərinə götürməlidir.

BJF Gender Şurasının sədri Maria Angeles Samperio deyib ki, onlayn trollinq hədəfə alınan şəxslərin özünü gücsüz və zəif hiss etməsinə səbəb olur. Belə hal baş verdikdə kollektiv müdaxilə və məsələnin güc strukturları tərəfindən araşdırılması vacibdir.

Məsələyə münasibət bildirən BJF-nin Baş katibi Entoni Bellanger deyib ki, biz hökumətləri bu və ya digər onlayn təzyiqlərə qarşı BƏT-in 190 saylı Konvensiyasını ratifikasiya etməyə çağırırıq: “Gender əsaslı zorakılıq, habelə onlayn trollinq sağlamlıq və təhlükəsizlik məsələləri olaraq qəbul edilməlidir. İş mühiti təhlükəli olduqda media işçilərinin hüquqları qanuni olaraq qorunmalıdır.