Sosial müavinətlərin növləri haqqında məlumat almaq istəyirəm


Baxıldı : 64

Tarix : 2019-09-27 17:32:03


Sosial müavinətlərin növləri haqqında məlumat almaq istəyirəm. Hansı aylıq müavinətlər mövcuddur?

 

Ağakərim MƏMMƏDOV, Bakı şəhəri.

- “Sosial müavinətlər haqqında” qanunun 4-cü maddəsində müavinətlərin növləri göstərilmişdir.

Həmin qanunla müavinətlər aylıq və birdəfəlik təyin edilir. Aylıq müavinətlər aşağıdakılardır:

- dövlət qulluqçularına ömürlük müavinət;

- yaşa görə müavinət;

- əlilliyə görə müavinət;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;

- ailə başçısını itirməyə görə müavinət;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;

- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;

- vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;

- beşdən çox uşağı olan qadınlara müavinət.

 

Deyirlər ki, məhkəmənin hökmü ilə ictimai işlərə cəlb edilən işçi əsas iş yerindən məzuniyyətə çıxa bilər. Bu onun əmək məzuniyyətindən istifadə etməsinə mane olmur. İctimai işlərə cəlb edilən sahədən də işçi məzuniyyətə buraxılacaqmı?

Mahir AĞAKİŞİYEV,

Bakı şəhəri.- Sualınıza cavab olaraq bildiririk ki, məhkəmənin hökmü ilə ictimai işlərə cəlb edilən şəxslər məhkum adlanır və onlara verilmiş ictimai işlər növündə cəzanın icrası  Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Məcəllədə ictimai işlər növündə cəzanın icrası qaydası, bu cəzanın çəkilməsi və icrası şərtləri, müddətinin hesablanması, cəzanın icrası zamanı işəgötürənin vəzifəsi və cəza çəkən şəxslərin məzuniyyəti aydınlaşdırılmışdır.

Qeyd etdiyiniz məzuniyyət məsələsi də həmin məcəllədə yer almışdır. Bildiririk ki, ictimai işlər növündə cəza məhkumun yaşadığı ərazidə icra olunur. Yerli icra hakimiyyəti orqanları ictimai işlərin hansı ictimai yerlərdə həyata keçiriləcəyini müəyyən edir və bu yerlərdə həmin cəzanı icra məmurları icra edir. Məcəllənin 35-ci maddəsinə əsasən, məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməlidirlər. Onlar yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidir.

Məhkumun ictimai işlərə cəlb olunması onun əsas iş yeri üzrə olan hüquq və vəzifələrindən qanunauyğun istifadə etməsinə mane olmur. Belə ki, əsas iş yeri üzrə məzuniyyətə çıxmaq işçinin hüququdur. ƏM-in 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən, peşəsindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Bu məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

İctimai işlərə cəlb edilmə əsas iş yeri üzrə məzuniyyətə çıxmağa heç bir maneçilik törətməyəcək. İşçi məzuniyyət hüququ yarandığı vaxt bu hüquqdan istifadə edə biləcək.

Lakin Cəzaların İcrası Məcəlləsində deyilir ki, əsas iş yerində məhkuma növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın icrasını dayandırmır. Yəni əsas iş yerindən məzuniyyətə çıxsan işçi ictimai işlər növündə cəzaçəkmə yerindən məzuniyyətə buraxıla bilməz. Bu zaman o, ictimai işlər növündə cəzasını çəkməyə davam edəcəkdir.