Sosial müdafiə gücləndirilir


Baxıldı : 132

Tarix : 2017-12-08 19:39:37


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi təşkilat üzvlərinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Bunun üçün ən mühüm məsələ iş şəraitinin yaxşılaşdırılması, maddi və mənəvi ehtiyacların təminatının ön planda olmasıdır. Rayon komitəsinin sədri Nəriman Məlikov qeyd etdi ki, mədəniyyət işçilərinin maddi cəhətdən təminatı bir o qədər də yüksək deyil. Müəyyən çətinliklərə görə müraciət edənlər çox olur. Biz işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində də ciddi tədbirlər görürük. Sahəmizdə çalışan işçilər sanatoriya yollayışları və müxtəlif istirahət gəzintiləri ilə təmin edilmişdir.

Mədəni-kütləvi tədbirlərimiz də az olmayıb. İl ərzində  komitədə  20 Yanvar şəhidlərinin  və 26 Fevral Xocalı Soyqırımı qurbanlarının anım mərasimləri keçirilmiş, 2 Fevral Gənclər Günü münasibətilə "Ümid yerimiz- gənclərimiz" adlı ədəbi-bədii proqram, 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Adın şərəflidir sənin ey qadın!" adlı əyləncəli proqram təşkil edilmişdir. 65 yaşına çatmış ittifaq üzvü olan Mərkəzi Kitabxana Sisteminin işçisi Ərkinaz Mustafayeva, musiqi məktəbinin müəlliməsi Elmira İsmayılova, Yeni Arx kənd mədəniyyət evinin müdiri  Kubra Kərimova komitə tərəfindən  Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilərək təntənəli surətdə təqaüdə yola salınmışlar.

İdman oyunlarının təbliği məqsədilə ittifaq  üzvləri arasında  nərd  yarışlarında və digər yarışlarda gənclərimiz ən fəal iştitrakçı  olmuşlar.

Gender Bərabərliyi və Qadın Problemləri üzrə İş Komissiyası yerlərdə təhlükəsizlik və sağlamlığa zidd olan amillərin aradan qaldırılması üçün ciddi iş aparır, qadınların lider keyfiyyətlərinin formalaşmasına yardımçı olur.

İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya-gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları uyğun qərar və təlimatlar əsasında tənzimlənir.

Əhəd İBADOV