Sosial müdafiə məsələsi həllini tapacaq


Baxıldı : 60

Tarix : 2017-08-18 23:35:12


İndustriALL Qlobal İttifaqı və 14 beynəlxalq geyim markası Meksika hökumətinə müraciət edərək əmək sistemində aparılacaq islahatları dəstəklədiklərini bildirib. Qeyd edilib ki, hökumətin mövqeyi dəyişikliklərin həyata keçirilməsi zamanı hər hansı problemin yaşanmasına imkan yaratmayacaq. İndustriALL Qlobal İttifaqı, "Adidas", "Nike", "İnditex", "C&A", "Puma", "Patagonia" və s. geyim brendləri Meksikanın Əmək və Sosial Müdafiə naziri Alfonso Navarette Pridaya məktubla müraciət edərək əmək sisteminin yaxşılaşdırılması və işçi hüquqlarının müdafiəsi yönündə islahatların mühüm nəticələr doğuracağını deyib.

İslahatlara əsasən əmək prosesində hüquqi məsələlərə Ədliyyə Məhkəməsi nəzarət edəcək. Prosesin işləmə prinsipi dövlət qurumları, işəgötürənlər və həmkarlar ittifaqı təşkilatları arasında razılaşma ilə tənzimlənəcək. Kollektiv müqavilələr  müstəqil həmkarlar ittifaqı nümayəndələri və digər ekspertlər tərəfindən qərəzsiz şəkildə hazırlanıb qeydiyyata alınacaq. Bununla da çalışanların qarşılaşdıqları əsas problemlərdən olan sosial müdafiə məsələsi həllini tapacaq.

İndustriALL Qlobal İttifaqının nümayəndəsi Fernando Lopez məsələ ilə bağlı deyib ki, Meksikada islahatlara 2016-cı ilin oktyabrından start verilib və bütün sahələrdə mərhələli şəkildə aparılır: "Əmək sahəsində islahatlar tam yekunlaşmadığı üçün hazırda əvvəlki qaydalar qüvvədədir. Bu qaydalar isə çalışanların hüquqlarının təminatında, həmkarlar ittifaqı təşkilatlarında birləşməsində problemlərə səbəb olur. Hökumətin ratifikasiya etdiyi BƏT-in 87 və 98 saylı konvensiyalarına əməl edilmir. Hazırlanan islahat proqramı Konstitusiyanın beynəlxalq əmək standartlarına və Federal Əmək Qanunlarına uyğun olduğu üçün  İndustriALL və başqa təşkilatlar tərəfindən dəstəklənir".

Qeyd edək ki, islahatların yaxın müddətdə mətbuatda dərc edilməsi və qüvvəyə minməsi gözlənilir.

Cavid SƏFƏROV