Sosial rifaha hesablanan sərəncamlar


Baxıldı : 166

Tarix : 2017-01-27 22:53:52


Zamanında və düzgün atılan addımdır

Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması haqqında imzaladığı sərəncama əsasən, yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilib.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov bu sənədin əhəmiyyətindən danışarkən dedi, minimum əməkhaqqı ölkədə əhalinin minimum  həyat səviyyəsi üçün zəruri ərzaq, qeyri-ərzaq mallar, xidmətlər üçün lazım olan maddi vəsaitin cəm şəkildə ifadəsidir. Azərbaycanda dövlət siyasətinin təməlində insan faktoru dayanır. Dövlətimiz çalışır ki, insanların həyat şəraiti yaxşılaşsın və iqtisadi böhranların vətəndaşlara təsiri minimuma ensin. Ona görə də, ölkə başçısının müvafiq fərmanları müxtəlif sosial layihələrə start verir, minimum əməkhaqqı, pensiyalar artırılır və günün reallığına uyğunlaşdırılır.

A. Badamov hesab edir ki, artım az görünsə də, əhatə miqyası çox genişdir və əhalinin sosial vəziyyətinin müəyyən qədər yaxşılaşmasına xidmət edən bir addımdır. Minimum əməkhaqqının özəl və dövlət strukturlarında maaşların artmasına birbaşa təsiri olmasa da, artıq müəyyən sahələrdə çalışan işçilərə ödəniləcək əməkhaqqının minimumu müəyyənləşir və ondan aşağı əməkhaqqının ödənişi qadağan olunur.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli isə bildirdi ki, 2015-ci ilin 21 fevral və 21 dekabrındakı  iki şok devalvasiyadan sonra qiymətlər əvvəlki dövrlə müqayisədə daha sürətlə artmağa başlayıb.

Əhalinin nominal gəlirlərinin və əməkhaqlarının ötən il 7 faiz artımı fonunda  inflyasiyanın 12 faizi ötməsi o deməkdir ki, ötən il əhalinin real gəlirləri 5 faiz azalıb. Real gəlirlərin azalması əhalinin, xüsusən də aztəminatlı təbəqənin güzəranına mənfi təsir göstərir. Çünki  ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,8 faiz bahalaşsa da, ərzaq məhsullarının qiymətləri daha çox - 14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz artıb.

    Ona görə də, əhalinin artan xərclərinin bir hissəsini qarşılamaqdan ötrü yanvarın 21-də Prezident tərəfindən "Minimum aylıq əməkhaqqının artırılması haqqında" xüsusi Sərəncam verildi. Sərəncam əsasında minimum əməkhaqqı 11 manat və ya  10,5 faiz artırılıb, 105 manatdan 116 manata çatdırıldı. Bu artım nəticəsində minimum əməkhaqqının 2016-cı il üçün Azərbaycandakı aylıq orta əməkhaqqına nisbəti 21 faizdən 23 faizə yaxınlaşdı.

Ümumiyyətlə götürdükdə, böhran şəraitində əməkhaqqı,  pensiya və müavinətlərin artırılması istiqamətində atılan hər bir addım, öz-özlüyündə müsbət haldır. Minimum aylıq əməkhaqqının artımı, 70 min nəfərdən çox adamın, bəzi detallar dəqiqləşdirildikdən sonra, 116 manatdan aşağı maaş almayacağına təsir edəcək. Eyni zamanda bu artım təqribən 146 min nəfərə şamil olunacaq və  həmin şəxslərin  illik gəlirləri 40 milyon manatdan çox artacaq. Bundan əlavə,  əmək və əhalinin sosial müdafiəsi nazirinin açıqlamalarına əsasən, demək olar ki, minimum aylıq əməkhaqqının artımı  nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortası üzrə daxilolmaların 2017-ci ildə 12,4 milyon manat artacağı gözlənilir ki, bu da gələcək baxımından effektlidir.

Dövlətin prioritet məqsədi...

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Pensiyaların indeksləşdirilməsi əhalinin həyat səviyyəsinə necə təsir edəcək?

Sualımızı cavablandırmaq üçün iqtisadçı-ekspert Oqtay Haqverdiyevlə əlaqə saxladıq. O, bildirdi ki, ümumiyyətlə götürsək, hər il pensiyaların, müavinətlərin artımı inflyasiyanın səviyyəsi qədər olmalıdır: "Keçən il bizim 12 faiz inflyasiyamız olub və bu sərəncamla da 12 faiz artım olacaq. Bir sözlə, artım inflyasiyanın səviyyəsindən asılıdır. Əlbəttə ki, bu yaxşı bir haldır”.

Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 94 faizinə (1 milyon 240 min nəfər) şamil olunacaq. Vətəndaşların əmək pensiyasının sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan bu artımların məbləğləri də fərqli olacaq.

Onu da qeyd edək ki, ötən ilin oktyabr ayının 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 311,4 min nəfər təqaüdçü qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edir. Onların 59,6 faizi yaşa, 29,1 faizi əlilliyə, 11,1 faizi ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunan aylıq pensiyaların orta məbləği 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 191,2 manat olub. Bundan əlavə, dövlət tərəfindən əmək pensiyası almaq hüququ olmayan 53,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilir.