Sosial şəbəkələr


Baxıldı : 38

Tarix : 2018-05-12 03:53:45


İnsanlar sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edirlər. Kimisi qazanc əldə edir, kimisi maariflənir, kimisi də insanlara qarşı qara piar kampaniyasına başlayır.

Əsasən də publikaya açıq olan qruplarda paylaşılan fikirlərə etikadan kənar şərhlər yazılır. Belə hallarla əsasən gününün çox hissəsini virtual aləmdə keçirən gənclər qarşılaşır.

Zəhra İsmayılzadə - Bakı sakini: “Bunlar qorxaq insanların etdikləridir sadəcə... İnsan öz fikrini deməyə belə çəkinir, gedir fake profil açır elə təhqir edir”.

Mütəxəssislərin sözlərinə görə, ölkədə üç milyona yaxın sosial şəbəkə istifadəçisi var. Cəmiyyətimizin nüfuzlu şəxsləri də sosial şəbəkələrdə yer alır. Bəzi hallarda tanınmış insanların adlarına saxta profillər açılır.

Ekspertlərin fikrincə, belə səhifələri diqqətlə araşdırdıqda saxta olub-olmamasını müəyyənləşdirmək olur.

Osman Gündüz (İT mütəxəsissi): “Elə insanlar var ki, artıq dövlət qurumunun adından saxta səhifə yaradır və onun adından açıqlamalar yayır. Qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Bu təbəqə təhlükəlidir. Saxta olmasını araşdılrmaq üçün müəyyən prosedurlar var. Araşdırmaq lazımdır ki, nə vaxt yaranıb, hansı informasiyalar qoyulur, kordinatları varmı və sair “.

Sosial şəbəkələrdə təhqir və söyüşlərə qarşı ictimai qınağın da böyük əhəmiyyəti var.

Millət vəkilinin sözlərinə görə, insanlar təhqir və söyüş gördükdə susmamalıdır. Bu zaman söyməklə deyil, maarifləndirmə yolu ilə cavab vermək lazımdır. Fazil Mustafa (millət vəkili): “Cəmiyyətin fəalığına ehtiyac var. Böhtan, təhqir predmeti olduğu zaman şikayət etmək mexanizmi asanlaşdırılmalı və dərhal şikayət edilməlidir ki, bunun qarşısı alınsın. Ən azından tərbiyədən uzaq insanlar qanun və cəza qorxusu ilə mütləq tərbiyələnəcəklər”.

Yazılan təhqirlərə görə texniki əməliyyatların da rolu var. Etikadan kənar, şər-böhtan yazanları şikayət etməklə də bloklamaq mümkündür. Qara siyahıda qalma müddəti bir həftədən üç aya qədərdir. Müntəzəm şikayət olunarsa sistem həmin adı birdəfəlik blok edir.

Bu proses robotlar vasitəsi ilə həyata keçirilir. Ancaq yazılan xəbərə çoxlu şərh yazılarsa, toplu formada şikayət olunmalıdır.

Cahid İsmayıloğlu (ekspert): “Bir mövzunun bloklanmasını və ya silinməsini istəyirsənsə, burda artıq kütlə rol oynayır. Bir məlumatın silinməsi üçün kütlə çoxluq təşkil etməlidir. Sosial şəbəkədə bir ədalət prinsipi də mövcuddur. Yəni bunu bəyənənlərin fikri də nəzərə alınır. Eyni zamanda bəyənməyənlərin də fikri...”

Sosial şəbəkədə kiminsə pozulmuş hüquqları o zaman bərpa olunur ki, maddi və mənəvi zərərlə bağlı iddia qaldıraraq məhkəməyə şikayət edir.

Eyni zamanda həmin məlumatlar onu narahat edirsə, başqalarının da oxumasını istəmirsə, məhkəmə qarşısında tələb kimi həmin məlumatların təkzib olunması tələbini qoyur. Bütün bu hallar qanunvericiliyin əsasında müəyyən edilir. Virtual aləmdə yazdığınız təhqir və söyüşlərin məsuliyyətinə görə cibinizdəki pula heyfslənmirsinizsə, heç olmasa azadlığınızın qədrini bilin.

Əks halda yazdığınız hər bir təhqir dəmir barmaqlıqlarla nəticələnə bilər