Sosial siyasət prioritet önəm daşıyır


Baxıldı : 258

Tarix : 2019-12-20 18:42:30


Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsi haqqında Qanunu təsdiq edib. 2020-ci il dövlət büdcəsinin gəlirləri    24 134 500,0 min manat, xərcləri 26 894 700,0 min manat məbləğində təsdiq edilib.

 

“Demək olar ki, büdcənin 39 faizi sosial sahəyə ayrılıb. Bu da büdcənin sosialyönümlü olmasının göstəricisidir”. Bunu  millət vəkili Fazil Mustafa 2020-ci il dövlət büdcəsindən sosialyönümlü sahələrə ayrılan vəsaitin önəmini qəzetimizə şərh edərkən dedi.

“Düzdür, bu rəqəm ümumdünya standartlarından xeyli artıqdır. Adətən sosial xərclər 24 faizi keçməməlidir.  Lakin Azərbaycanda büdcənin daha çox sosialyönümlü olması əhalinin müəyyən problemlərinin həlli istiqamətində dövlətin yeritdiyi siyasətin bariz nümunəsidir. Mütəmadi olaraq bir çox istiqamətlərdə sosial müavinətlərin şəbəkəsi genişləndirilir. Şəhid ailələrinə müavinətlərin verilməsindən tutmuş, uşaqlara verilən müavinətlərin, pensiyaların, orta əməkhaqqının kəskin şəkildə artırılması büdcənin sosial istiqamətinin əsas göstəriciləridir”.

F. Mustafa bildirdi ki, gələcəkdə işsizlik probleminin  azalması, yeni iş yerlərinin açılması, eyni zamanda müəyyən əlliliyi olan insanların məşğulluğa cəlb olunması və sairə başqa məsələlər öz həllini tapandan sonra, sözsüz ki, bu rəqəmlər tədricən  azalacaq. Yəni  sosial sahədə olan bir sıra problemlər həll olunsa, büdcədən ayrılan vəsaitlərin istiqaməti də müəyyən dərəcədə dəyişə bilər. Daha çox investisiya xərclərinə yönələ bilər. İnvestisiya xərcləri də nə qədər artarsa, istehsal stimullaşdırılarsa, insanlar üçün məşğulluq səviyyəsi yüksələr və onların dövlət büdcəsindən asılılığı azalar. Bu da ümumi cəmiyyətin xeyrinədir. Digər sahələrin inkişafına köməklik göstərmək üçün büdcə geniş imkan əldə edər.

Daha öncə DOST Mərkəzi vasitəsilə  65 minə yaxın insan iş yeri ilə təmin olunmuşdu. Lakin bu, yetərli deyil, ona görə də daha çox iş yerlərinin yaranması, dövlət büdcəsindən sahibkarlara verilən vəsaitin, güzəştlərin artırılması, xüsusilə də  istehsalyönümlü müəssisələrin yaradılması, özəl sektorun təşviq olunması əsas prioritet olaraq götürülür. İşsiz əhalinin pensiya təminatı ilə bağlı problemlərinin həlli istiqamətində artıq qərar qəbul olunub. Belə ki, işsiz əhali, heç bir iş stajı olmayan və sığorta ödənişi olmayan vətəndaşlar da pensiya müavinəti, dayanıqlı pensiya alacaqlar. Bu məbləğ böyük olmasa da, hər halda onların müəyyən dərəcədə vəsait almasına şərait yaradacaq. Bütün bunlar hamısı onu göstərir ki, Azərbaycanda sosial siyasət prioritet önəm daşıyır.

“Gələn il sosialyönümlü xərclər 2,6 milyard manat və ya 33,5 faiz çox proqnozlaşdırılıb. Bir tərəfdən neft qiymətlərinin hər barelə görə növbəti ilin büdcəsində 5 dollar və ya 8,3 faiz az götürülməsi, digər tərəfdən isə sosial xərclərin 33,5 faizlik artımı fonunda büdcə qaydalarının pozulmaması fiskal dayanıqlılığın güclənməsi anlamına gəlir”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı 2020-ci il dövlət büdcəsi haqqında qanunu şərh edərkən deyib.

- 2020-ci ilin dövlət büdcəsi həm də səhiyyə xərclərinin artması ilə xarakterizə olunur. Bu artımda icbari tibbi sığortanın tətbiqinin də payı var?

- Gələn ildən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiq olunacaq və bunun üçün də 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manata yüksəlib. Yəni 2020-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər də nəzərə alınmaqla səhiyyə xərcləri bu illə müqayisədə 326, 5 milyon manat və ya 31,3 faiz artırılıb. Burada diqqət yetirməli olduğumuz əsas məqamlardan biri “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin Milli Məclis tərəfindən qəbul edilməsidir. Dəyişikliyə əsasən, 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Qanuna əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqla bərabər hüquqa malik olacaq.

- Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərini necə görürsünüz?

- Tədqiqatlar göstərir ki, inkişafın sənayeləşmə mərhələsində ölkədə adambaşına düşən ÜDM 12-15 min dollara çatana qədər sənaye sahəsinin ümumi məhsul buraxılışında payı 25%-ə qədər yüksəlir. Bu mərhələ inkişafın industrializasiya mərhələsi adlanır. Azərbaycanda sənayenin ÜDM-də payı 40 faizi aşır. İnkişafın sonrakı mərhələsi isə daha çox xidmət sahələrinin genişlənməsi hesabına olduğundan de-industrializasiya mərhələsi adlanır. İqtisadi inkişafın de-industrializasiya mərhələsi təməl amillərin, yəni institutların və insan kapitalının inkişafı ilə mümkündür.  Məsələn, Çin təməl amillərin deyil, daha çox dövlətin müdaxiləsi hesabına inkişafa meyilləndiyindən, iqtisadi artım potensialı getdikcə zəifləyir. Amma Koreya, Sinqapur və Honq-Konq dövlətin müdaxiləsi ilə sənayeləşmənin və təməl amillərin (institut və insan kapitalı) inkişafının uğurlu sintezini yaradaraq davamlı yüksək iqtisadi artım tempini əldə edir. Azərbaycan ikinci yolla getməlidir və gedir də. Prezident İlham Əliyev 2019-cu ildə inqilabi sosial islahatlar həyata keçirməklə insan kapitalının, hakimiyyətin bütün qolları üzrə dərin struktur islahatları ilə institutların inkişafını təmin edir.

Əsli TELMANQIZI